2012-ci ildə ipoteka üçün əlavə resurslar cəlb olunacaq

2012-ci-ilde-ipoteka-ucun-elave-resurslar-celb-olunacaq
Oxunma sayı: 632

Trend-in məlumatına görə, bu barədə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov jurnalistlərə bildirib.

“Bu il ipoteka üçün ayrılmış vəsaitlərin həcmi artıb, lakin biz əlavə vəsaitlər axtaracağıq. Söhbət yalnız dövlət tərəfindən sosial ipotekaya ayrılan 20 milyon manatdan getmir. Banklar habelə öz xətləri ilə ipoteka kreditləri ayırırlar. İpoteka fondu özü ipoteka istiqrazlarının yerləşdirilməsi vasitəsilə xeyli vəsait cəlb edir. Biz gələn il ölkədə ipotekaya tələbatın ödənilməsi üçün əlavə resurslar axtaracağıq”, - Rüstəmov bildirib.

Onun sözlərinə görə, banklar artıq öz ipoteka proqramları çərçivəsində beynəlxalq maliyyə strukturlarından vəsait cəlb edirlər. Sosial ipoteka üzrə kreditləşmə şərtlərinin sadələşdirilməsi üzərində iş gedir.

“Biz gələn il bu sahədə müəyyən addımların atılacağına çox ümid edirik”, - Rüstəmov deyib.

Bir müddət əvvəl Elman Rüstəmovun dediyinə görə, sosial ipoteka ala biləcək təsdiqlənmiş kontingent bu gün 100 min nəfər təşkil edir.

“Əgər nəzərə alsaq ki, sosial ipoteka kreditinin maksimum məbləği cəmi 35 min manat təşkil edir, onda bu 20 milyon manat cəmi 600 nəfərin ipoteka krediti ilə təmin edilməsi üçün kifayət edəcək. Artıq banklarda ümumi məbləği 80 milyon manat olan sosial ipoteka üzrə ərizə qeydiyyatdan keçib. Adamlar bu vəsaitləri gözləyərək, bu sistemdən istifadə etmək istəyirlər”, - Rüstəmov bildirib.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir.

Sosial ipoteka üzrə ilkin ödəniş 15 faiz, adi kreditlər üzrə isə 20 faiz təşkil edir.