2012-ci ilin hesabatı - Media

2012-ci-ilin-hesabati-media
Oxunma sayı: 766

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sənəd 7 bölümdən ibarətdir.

“Jurnalistlər qorxu altındadır”

Hesabatın “Mediaya basqılar” bölümündə qeyd olunur ki, jurnalistlər öz həyatlarından və təhlükəsizliklərindən ehtiyatlanırlar. Çünki jurnalistlərə qarşı qəsdləri, onların məruz qaldıqları fiziki və psixoloji basqı hallarını səmərəli araşdırmağa imkan verən təcrübə formalaşmayıb. Belə durum jurnalistlərin gözünü qorxudur, onları tənqidi yazılardan, araşdırmalardan çəkindirir. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin fiziki basqılara məruz qalması adi hala çevrilib. “2012-ci ildə jurnalistlər ən azı 60 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, izləməyə, qanunsuz saxlanmalara, texniki əngəlləmələrə məruz qalıblar. Basqıyla üzləşənlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilən jurnalistlərdir (Azadlıq Radiosu, “Azadlıq”, “Yeni Müsavat” qəzetləri, “Turan İnformasiya Agentliyi, “Obyektiv TV”-nin əməkdaşları). Hüquq mühafizə orqanları basqı olaylarının bir çoxunu araşdırmağa başlayıb, ancaq heç bir halda basqı edənlər məsuliyyətə cəlb olunmayıblar. Əvvəlki illərdə jurnalistlərə qarşı yol verilən təzyiq olaylarının araşdıərılmasında da hər hansı irəliləyiş olmayıb. 2005-ci ildə öldürülən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, 2011-ci ildə qətlə yetirilən Rafiq Tağının qatilləri də tapılmayıb”.

Jurnalistlər özəl həyatlarına müdaxilələrdən ehtiyatlanırlar. 2012-ci ildə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın intim məzmunlu foto və video görüntüləri gizlicə çəkilib. Gizli çəkilişlər hökumətin nəzarətində olan “Lider” telekanalı ilə yayımlanıb. Jurnalistin şəxsi həyatına müdaxilə edənlər məsuliyyətə cəlb olunmayıblar. “Azadlıq” qəzetinin əməkdaşları Natiq Adilov və Tural Əliyevin özəl həyatlarına müdaxilə edənlər də məsuliyyətə cəlb olunmayıblar.

“7 jurnalist həbsdədir”

Sənədə görə, tənqidçi jurnalistlər həbs oluna biləcəkləri qorxusu ilə yaşayırlar. 2012-ci ildə 10-dan artıq jurnalist müxtəlif ittihamlarla həbs cəzası alıb. Onlara qarşı dövlətə xəyanət, rüşvət tələb etmək, xuliqanlıq, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə, vəzifə səlahiyyətlərini aşma kimi ittihamlar irəli sürülüb. Rəsmi ittihamlarla bağlı ictimaiyyət arasında ciddi şübhələr var. Jurnalistlərin vəkilləri, vətəndaş cəmiyyəti qurumları jurnalistlərin məhz ifadə azadlıqlarından daha geniş, tənqidi məzmunda yararlandıqları üçün şərləndiklərini iddia edirlər. “2012-ci ildə 11 jurnalist həbs cəzası alıb. Onlardan bir neçəsi Ölkə Prezidentinin əfv fərmanı ilə azadlığa buraxılıb. Hazırda 7 jurnalist həbsdədir. Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), Hilal Məmmədov (“Talışi Sədo” qəzetinin baş redaktoru), Araz Quliyev (xeber44.com saytının redaktoru) dövlətə xəyanət, rüşvət tələb etmək, xuliqanlıq, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə ittiham olunurlar. Qubadakı “Xəyal” televiziyasının əməkdaşları Vüqar Qonaqov və Zaur Quliyev youtube.com video paylaşma şəbəkəsində yayılan məmur çıxışına görə həbsdədirlər. Tanınmış jurnalist Fərəməz Novruzoğlu isə facebook sosial şəbəkəsindəki fikirlərinə görə məhkəmə hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.

“Ağır cərimələr senzura rolunu oynayır”

2012-ci ildə defamasiya iddialarının sayı, mediadan tələb olunan təzminatların məbləği xeyli artıb. Ötən ildə məmurlar, digər ictimai fiqurlar, özəl qurumlar şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı medianı azı 35 dəfə məhkəməyə veriblər. Məhkəməyə çəkilən qəzetlər tənqidi məzmunu ilə tanınan “Azadlıq”, “Yeni Müsavat”, “Xural” və “Gündəm Xəbər” qəzetləri olublar. Mediadan ümumilikdə 5 milyon AZN-dən artıq təzminat istənilib. Təkcə “Yeni Müsavat” qəzetdən tələb olunan təzminatın məbləği 3,7 milyon AZN olub. Məhkəmə baxışı keçirilkən işlər üzrə iddiaların əksəriyyəti təmin olunub. Medianın üzərinə 200 000 AZN-dən artıq cərimə yükü qoyulub. Mediaya qarşı şikayətlərin 7-i xüsusi ittiham qaydasında olub. Məhkəmələr həmin şikayətləri təmin etməyiblər.

“Qanunvericilik ifadə azadlığına pozitiv təsir edən müddəalardan təmizlənir”

Azərbaycanın Avropa Şurasına qəbul edildiyi 2000-ci illərdə ifadə azadlığı qanunvericiliyinin inkişaf etdirilməsi istiqamətində xeyli səmərəli addımlar atılıb. “KİV” Qanunu, Teleradio Qanunu xeyli inkişaf etdirilib, İnformasiya əldə edilməsi qanunu qəbul edilib. Həmin qanunların ifadə azadlığına ciddi təsir edən müddəalarının dəyişdirilməsi tendensiyası davam edir. 2012-ci ildə “İnformasiya əldə etmək haqqında”, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında”, “Kommersiya sirri haqqında” Qanunlara ifadə azadlığını məhdudlaşdıran dəyişikliklər edilib. Bu dəyişikliklər jurnalistlərə icazəsiz audio-video çəkilişləri yasaqlayır, informasiya əldə etməyə görə ödənişlərin edilməsini nəzərdə tutur, kommersiya hüquqi şəxslərinin sahibləri haqqında reyestr məlumatlarını kommersiya sirri sayır.

Hesabatda “Defamasiya qanunu”nun qəbulunun aktuallığının daha da artdığı vurğulanıb. Təkcə “2012-ci ildə mediaya qarşı 35-dən çox defamasiya iddiası qaldırılıb. Jurnalistlərin üzərinə məmurların iddiaları əsasında defamasiyaya görə qoyulan təzminatların məbləği heç bir ölçüyə sığmır. Ağır maliyyə təzminatları senzura rolunu oynamaqdadır. Məsələn, illik büdcəsi 300 min AZN-dən çox olmayan aparıcı tənqidçi qəzetlərdən “Yeni Müsavat”dan məhkəmə yolu ilə tələb olunan təzminatın ümumi məbləği 3 milyon AZN-dən artıqdır. Tənqidçi qəzetlərin əksəriyyəti eyni durumdadır. Ancaq hökumət 2012-ci ilıdə də böhtan və təhqirə (defamasiya) görə məsuliyyətin dekriminallaşdırıılmasını nəzərdə tutan Defamasiya Qanununu qəbul etmədi”.

“Tənqidçi medianın yayımına əngəl, hökumətə bağlılara isə imkanlar yaradılır”
Sənəddə vurğulanıb ki, yazılı media nümunələrinin, xüsusilə də tənqidçi qəzet və jurnalların bütün ölkə hüdudlarına yayılmasında ciddi problemlər var. Çap mediasının yayım infrastrukturu əvvəldən nümunəvi qurulmayıb. Yayım prosesini əsasən hökumətə bağlı olan şirkətlər həyata keçirirlər. Həmin yayım şirkətləri yayım zamanı çap məhsullarına məzmununa görə ayrı-seçkilik qoyurlar. 2011-ci ildə bütün ölkə ərazisində çap mediası nümunələri satan obyektlərin sayı 700-ə yaxın idi. 2012-ci ildə həmin obyektlərin 200-dən çoxu yenidənqurma adı ilə dağıdılıb. Yenidən qurulan obyektlərsə tənqidçi qəzetlərin satışından imtina edirlər. Hazırda tənqidçi media yayımla bağlı çox ciddi problemlər yaşayır. Hökumətin əlində, təsirinə olan çap nümunələrinin imkanları isə xeyli genişdir. Ölkə ərazisindəki bütün köşklər həmin qəzetlərin yayımını həyata keçirir. “Hökumətə bağlı qəzetlərin yayımına Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası da birbaşa dəstək verir. 2012-ci ilin sonunda media Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin imzası ilə dövlət qurumlarına göndərilmiş sənədin surətini yayıb. Həmin sənəddə dövlət qurumlarına hökumətin əlində olan 13 KİV-ə abunə yazılışının təmin olunması “tövsiyyəsi” verilir.

“İnternetdə ifadə azadlığından yararlanan 3 jurnalist həbsdədir”

İnternetdə ifadə azadlığından yararlanmaq təhlükəsiz deyil. Sənədə görə, tənqid edən qəzetlərin internet səhifələri, xəbər portalları basqılara, kiberhücumlara məruz qalır. 2012-ci ildə öləknin tənqidi media quruluşları olan “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin, “Azadlıq” radiosunun internet saytları dəfələrlə blok edilib, kiber hücumlara məruz qalıb. Media quruluşlarının texniki basqıların araşdırılması ilə bağlı əlaqəli qurumlara müraciətləri ya araşdırılmayıb, ya da araşdırmalara barədə bilgi verilməyib.

Sosial şəbəkələrdə hökuməti tənqid edənlər müxtəlif basqılarla üzləşirlər. Onların cinayət təqibinə məruz qalması tendensiyası nəzərə çarpır. Hesabatda qeyd olunub ki, “son 3 ildə azı 5 jurnalist belə təqibə məruz qalıb. Son olaraq 2012-ci ilin avqustunda tanınmış jurnalist Fərəməz Novruzov sosial şəbəkələrdə tənqidi fikirlərinə görə hökumət əleyhinə çağırışlarda ittiham olunub və 4 il yarım azadlıqdan məhrum edilib. 2012-ci ilin martında regional Quba tv-də çalışan 2 jurnalist YouTube-də məmur çıxışını yayadıqlarına görə həbs ediliblər. Hazırda onların məhkəmə prosesi davam edir. İnternetdə tənqidi çıxışlar edənlərə qarşı belə basqılar əvvələr də baş verib. 2011-ci ildə sosial şəbəkələrdə tənqidi çıxışlar edən bloqçu Taleh Xasməmmədli qurama ittihamlarla həbs olunub. Xaricdə yaşayan bloqçu Elnur Məcidliyə də cinayət işi açılıb. RATİ əməkdaşı Mehman Hüseynovsa sosial şəbəkələrdə tənqidi fikirlərinə görə cinayət təqibinə məruz qalıb”.

“Teleradio kanalları, tezliklər, Teleradio Şurası hökumətin əlindədir”

Teleradio yayımı sektorunun tənzimlənməsi standardlarını yüksəltmək məqsədilə qanunvericilik inkişaf etdirilsə də, qanunvericiliyin bir sıra müddəaları qabaqcıl meyarlardan xeyli uzaqdır. Xüsusilə, teleradio yayımını tənzimləyən qurumların hüquqi, maliyyə müstəqilliyini, yayım lisenziyaların verilməsini və tezliklərin bölünməsini tənzimləyən qaydalar aydın və dəqiq deyil. Hesabatda vurğulanır ki, ”ictimai yayım xidmətinin (İYX) müstəqilliyi sahəsində ciddi problemlər var. Dövlət büdcəsindən maliyyələşən İYX-nə nəzarət edən qurum siyasi kontrol altında saxlanır, bu yayımın maliyyə müstəqilliyi, yaradıcılıq azadlığı daraldılır. Ölkənin ən iri telekanalı, 3 yayım tezliyinə sahib olan Azərbaycan Dövlət Televiziya və Radio Şirkəti dövlət büdcəsindən maliyyələşir. Bu kanal hökumətə bağlı olan özəl kanallar kimi davamlı olaraq hökuməti təbliğ edir”.

Tənzimləyici Milli Televiziya və Radio Şurasının fəaliyyəti effektiv deyil. Qurum teleyayımçıların yaradıcılıq azadlığına müdaxilələrdən çəkinmir. MTRŞ 2012-ci ildə yayımçılara izdivac (evlənmə) proqramlarını hazılayıb-yaymağı yasaqlayıb. Şura teleradio yayımının texniki və keyfiyyət standartlarını və normalarını müəyyənləşdirə, həmin qayda və şərtlərə əməl olunmasını yayımçılara xatırlada, qayda və şərtləri pozulduqda inzibati tənbeh tədbirləri tətbiq edə, məhkəmə qarşısında iddialar qaldıra bilər. Düzənləyici qurumun yayımçıların proqram, yaradıcılıq azadlığına müdaxilə məzmunlu digər bütün addımları qanunsuzdur.
MTRŞ teleradio tezlik resurslarından effektiv istifadəni təmin edə bilmir. Ölkədə teleradio yayımı üçün yararlı tezliklərin siyahısı bəlli deyil. Şura qanuni vəzifələrini icra edərək siyahını açıqlamır. Hər il boş tezliklərə müsabiqələrin keçirilməsi qanunvericiliyin tələbi olsa da buna əməl olunmur. Regional radiokanalların sayı acınacaqlıdır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 2 radiokanal istisna olmaqla, Bakıdan kənarda fm və digər tezliklərdə yayımlanan bir dənə də olsun radio yoxdur. MRTŞ 2012-ci ilədək hər bir bölgənin mədəni, incəsənət, ictimai-siyasi, intelektual mərkəzinə çevrilə biləcək, hər bir bölgənin iqtisadi, sosial, mədəni inkişafına qiymətli töhvələr verə biləcək radio yayımının yaradılması istiqamətində heç bir addım atmamışdı. “Şura 2012-ci ildə Bakı və Naxçıvandan kənarda ilk dəfə olaraq radio yayım kanalının açılması üçün müsabiqə keçirib. Kəpəz Müstəqil Teleradio Şirkəti müsabiqənin qalibi olub. Ancaq bu müsabiqə də qüsurlu olub. Şura müsabiqəni qanunla müəyyən olunan ən qısa müddətlər tətbiq edilməklə tələm-tələsik keçirib, potensial iddiaçılara müsabiqəyə normal hazırlaşmaq üçün gərəkli ola biləcək vaxt verməyib, nəticələrə inam yaradan seçim meyarlarını açıqlamayıb. Aydın qiymətləndirmə meyarları olmadan keçirildiyindən MTRŞ-nın əvvəlki illərdəki müsabiqələri də şəffaflıq və ədadətlilik baxımından xeyli problemli olub”.