“2016-cı ildə 2300 yeni iş yeri yaradılıb” - “Azəravtoyol”un sədri

2016-ci-ilde-2300-yeni-is-yeri-yaradilib
Oxunma sayı: 1285

““Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın ümumi istifadədə olan 17 min 500 kilometr avtomobil yollarına, Bakı şəhərinin 1600 kilometr uzunluğunda küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən çox yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

“Keçən dövr ərzində uzunluğu 1700 kilometr olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 26 yeni körpü və 8 piyada keçidi tikilib.

81 Sərəncama əsasən, 48 rayon və şəhər ərazisində 3,2 milyon nəfər əhalinin yaşadığı 761 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 1816 kilometr olan avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinə başlanılıb.

Bu günə kimi, cəmiyyətimiz tərəfindən 2 milyon nəfər əhali yaşayan, 370 yaşayış məntəqəsini birləşdirən uzunluğu 1030 kilometr olan 56 layihənin icrası uğurla başa çatdırılıb”, - deyə S. Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən 9 kilometr uzunluğunda yolun bərpası ilə bağlı 2017-ci il 10 fevral tarixli sərəncam uğurla yerinə yetirilib və iyunun 14-də yolun açılış mərasimi keçirilib:

“Bu istiqamətdə Bəhramtəpə-Horadiz-Mincivan magistral avtomobil yolunun 64 kilometrlik hissəsinin bərpası işləri də sürətlə davam etdirilir və cari ilin sonunda başa çatdırılacaq”.

Sədr qeyd edib ki, Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Saleh Məmmədov bildirib ki, işsizliyin aradan qaldırılması istiqamətində 2016-cı ildə 2300 yeni iş yeri yaradılıb, bu iş yerlərinə əksəriyyəti məcburi köçkün və qaçqınlardan ibarət olan vətəndaşlar qəbul edilib ki, bu gün də onlar əmək fəaliyyətlərini uğurla davam etdirirlər.

“Azəravtoyolun sədri həmçinin söyləyib ki, Bakı şəhərində nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan bəzi yerlər aidiyyəti qurumların iştirakı ilə aşkar edilərək tıxaclar aradan qaldırılıb, bu məqsədlə yeni yollar tikilib:

“Buna misal olaraq Yusif Səfərov küçəsinə paralel, şəhər mərkəzinə doğru salınan yeni yolu, həmçinin Bakı şəhərinə daxil olmadan Sumqayıt şəhərindən keçməklə Abşeron yarımadasının şimal və şimal-şərq hissəsində yerləşən qəsəbələrə çıxışı təmin edən və inşası yekunlaşan dənizkənarı Novxanı-Pirşağı yolunu göstərmək olar. Bu çərçivədə aidiyyəti qurumlarla birgə işlərimiz uğurla davam etdirilir”.