2016-cı ildə təmir olunan yol bu vəziyyətdədir

2016-ci-ilde-temir-olunan-yol-bu-veziyyetdedir
Oxunma sayı: 1723

Ramana-Maştağa avtomobil yolunun asfalt-beton örtüyü yerli icra strukturlarının biganəliyi və işinə səhlənkar yanaşması nəticəsində sıradan çıxır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, yol 2016-cı ilin sonunda istifadəyə verilsə də, hazırda səth suları nəticəsində aşınır.

Belə ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib. Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur. Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır. Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub.