21 dekabr məni də şübhəyə saldı

21-dekabr-meni-de-subheye-saldi-
Oxunma sayı: 648

21 dekabr yaxınlaşır!

Lap qapının ağzını kəsdirib.

Əcəba insanların bu günə belə mistik vahiməylə inanmasının altında yalnız xurafatmı dayanır? Və ya bir para kitab oxumuş adamın gülüb keçməsi ilə hər şey bitirmi?

Məncə yox!
Nəyə görə, dünyanı qoyaq bir yana, Azərbaycanda efirdən və mətbuatdan bar-bar bağıran mütəxəssislərə heç kim inanmayıb da, Allahın bir Dalay Lamasının dalaylamasını belə ciddiyə alır? Məncə bu məsələnin kökündə, ciddi, həm də çox ciddi amillər dayanır. Birincisi və ən əsası odur ki, gözəlim xalq efirə və mətbuata inamını itirib. Üstəlik efirdən və mətbuatdan danışan mütəxəssislərə... Ona görə ki, siyasətçini yalançı, məmuru qəddar, həkimi və müəllimi pulagir (xahiş edirəm belə gözəl sözü rüşvətxor kimi pis səslənən sözlə əvəz etməyin), yazı əhlini oyunbaz görüb...

İkincisi, sadə insanların bilinc altında dəhşətli bir həqiqət gizlənib: belə dünya hökmən qaranlığa düçar olmalı, sonra yavaş-yavaş dağılmalıdır! Budu ha, iki gün sonra belə bir mübarək günün gələcəyini söyləyirlər. Ah, nə yaxşı! Axır ki, dağılacaq bu cındırı çıxmış dünya! Yahu belə də dünya olar? Bu haqsızlığı, ədalətsizliyi hansı mizan-tərəzi saxlayıb indiyə qədər?! Tanrı yatıbmı yoxsa...

Şəxsən mən – yəni bu günə qədər dekabrın 21-i və qiyamət şamları ilə məzələnən adam ciddi şübhə içindəyəm. Səmimi deyirəm, ola bilər dünya dağılsın! Nədən ki, bu qədər insanın ya zəlzələdən, ya vəlvələdən belə bir qənaətə gəlməsi təsadüf ola bilməz.
Hətta bu yerdə qaradənizli Təməldən öz əhvalıma uyğun bir əhvalat da xatırlayıram.

Bir gün, Təməl yoxsul qohum-əqrəbası ilə məzələnmək üçün bir yalan uydurur. Deyir, a peydasızlar, bəs bilmirsinizmi, kəndin girəcəyində müftə halva paylayırlar.

Camaat hay-harayla kəndin girəcəyinə tərəf yüyürür.
Evlərdən adamların iki bir, üç bir çıxıb, uşaqlı, cavanlı, qocalı halva tərəfə qaçdığını görən Təməl öz-özünə “Bu qədər insan, heç vaxt səhv eləməz! Bəlkə doğrudan da halva paylayırlar” – deyir və özü də kəndin girəcəyinə tərəf götürülür!
Mən də həmişə xalqın yanında olmuşam. Onu aldatsam belə...
Dünyadı də, qurban olsun sizin qara gözlərinizə.
Dağılsın bə, arkadaşlar!