25 nəfərin öldüyü yanğınla bağlı ekspert dindiriləcək

25-neferin-olduyu-yanginla-bagli-ekspert-dindirilecek
Oxunma sayı: 1185

Ötən il martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şahid Nail Talıbov ikinci dəfə dindirilib. O deyib ki, yanğını M.Məmmədovun qaldığı otaqda yox, 15-ci palatada görüb: “Səhər tezdən tualetdən içəri girəndə gördüm ki, çarpayının üstündəki yorğan yanır, orada yatan xəstə Mahir onu söndürməyə çalışır. Qaldıranda gördüm ki, döşək də tüstülənir. Bizim palatada təxminən 5 litrlik qabda su vardı, qaçıb onu gətirməyə getdim. Qayıdana qədər alov bir az da artmışdı. 14-cü palataya bitişik divar yanmırdı”.

M.Məmmədovun vəkili yanğınla bağlı rəy vermiş ekspertin də məhkəmədə dindirilməsini istəyib: “Rəydə yanğının mənbəyi kimi 14-cü palata göstərilib, amma yanğına səbəb ola biləcək əşyaların 15-ci palatada olduğu yazılıb. Bu nə deməkdir? Ekspert gəlib suallara cavab versin” 

Məhkəmə vəsatəti təmin edib. Proses martın 19-da davam etdiriləcək. Həmin iclasda ekspert dindiriləcək.

Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Murad Əhməd