28 yaşında 3-cü dəfə həbs olundu

28-yasinda-3-cu-defe-hebs-olundu
Oxunma sayı: 1289

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə yeyib içdiyi tanışını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib. Bəlli olub ki, Ş.Abdulov bundan öncə 2 dəfə məhkum olunub. 2010-cu ildə xuliqanlığa görə 3 il həbsdə cəza çəkib. Azadlığa çıxandan bir neçə ay sonra, sentyabrın 10-da Abşeron rayon sakini Aybəniz Əliyevanın evindən qızıl və gümüş oğurlayıb. Bu dəfə isə pul ödəməklə cərimələnib.

Hazırda ittiham olunduğu cinayəti isə 2017-ci ilin may ayında Goradil qəsəbəsində törədib. Kafedə 1974-cü il təvəllüdlü Zakir Məmmədovla mübahisə edib. İçkili olan Z.Məmmədov söyüş söyüb, Ş.Abdulov da qarşılığında onu bıçaqlayıb.

Bu işdə zərərçəkən olan Z.Məmmədov da əvvəllər məhkumluq həyatı yaşayıb. O, adam oğurluğuna görə təqsirləndirilərək cəzalandırılıb.

Məhkəmə prosesi noyabrın 29-da davam etdiriləcək.

Murad Əhməd