3 milyon mənimsəyən bank müdiri ifadə vermək istəmədi

3 milyon mənimsəyən bank müdiri ifadə vermək istəmədi
Oxunma sayı: 2663

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib. 

"Dəmir Bank"da əməliyyatçı işləmiş Könül Məmmədova əmanətlərin qoyulması ilə bağlı proseduru izah edib: "Müştərilər bizə müraciət edir, sənədləşmə aparırıq. Sonra kassaya ödəniş edərək əmanəti qoyur və kassadan verilən sənəd əsasında müqavilə imzalanır. Hər şey sistem üzrə aparıldığı üçün biz qaydaları poza bilməzdik".

F.Rəşadətli bildirib ki, Axundovlarla bağlanan müqavilələrdən işçilərin xəbəri olmayıb. 

Bankın mühasibi Rövşən Quliyev bildirib ki, onun işlədiyi dövrdə hər hansı qanun pozuntusu olmayıb: "Mənə hər hansı qanunsuz tapşırıq verilməyib, mən də qanunu pozmamışam. Rüstəm Qasımovla müqavilə imzalanan zaman manatla əmanətlərə 15 faiz qaydası var idi. Əmanətçilərin kitabçaları kassada saxlanılırdı. Kimsə pul çıxaranda bunu sistemdə də kitabçalara qeyd edirdik. Balansda hər şey aydın görsənirdi. Kitabçalar "formalnıy" bir şey idi, əsas müqavilə idi. Ona görə də kitabçanı kim istəsə ona verirdik, zəruri bir sənəd deyildi". 

F.Rəşadətlinin sürücüsü olmuş Elvin Kərimov deyib ki,  zərərçəkən Ruslan Qasımovun epizodu üzrə dindirilib: "Ruslan demişdi ki, ona pul verilməyib. Amma mən Fərəh xanımla bir yerdə getmişik. Fərəh xanımın anası bükülü bir pulu Ruslana verdi, mən pulun özünü görmədim, amma dedilər 75 mindir. Mən özüm də Ruslana 3-4 dəfə pul aparıb vermişəm. Ruslan VTB bankda işləyirdi, orada verirdim. Amma pulun məbləğini bilmirdim".

Digər şahidlərin prosesə gəlmədiyi elan edilib. F.Rəşadətli yenə ifadə verməkdən imtina edib və sonda danışacağını bildirib. 

Proses fevralın 8-də davam etdiriləcək. 

İttihama görə,  F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Ruslan Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. 

"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

F.Rəşadətlinin himayəsində 2 azyaşlı uşağı var. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi