300-dən çox şəhid ailəsinin sənədləri göndərildi - 11 mini ala biləcəklər

300-den-cox-sehid-ailesinin-senedleri-gonderildi
Oxunma sayı: 2283

300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq hərbi qulluqçuların vərəsələrindən 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.

Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Həmin şəxslər – ümumilikdə 117 şəhid hərbi qulluqçunun vərəsələri nazirlikdə qəbul olunaraq, şikayətləri qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.