35 faizlik kreditdən xilas yolu

35-faizlik-kreditden-xilas-yolu
Oxunma sayı: 664

Dünya Sakit

Azərbaycanda kənd təsərrüfatı istehsalının sığortalanması, aqrar istehsalçıların maliyyə resurslarına çıxışına şərait yaradılması üçün mühüm addımlardan biri atıldı - Prezident aqrar sektorda ciddi dəyişikliklərə səbəb olacaq sərəncamı imzaladı.

Sərəncam ölkənin aqrar sektoruna investisiyaları təşviq edəcək 2 mühüm istiqaməti özündə əks etdirir. Bunlardan birincisi, aqrar istehsalçıların kreditləşməsinin stimullaşdırılması, onlara veriləcək kreditlərin zəmanət fondunun yaradılmasıdır.

Qeyd edim ki, uzun illərdir müzakirə olunan, müstəqil və xarici mütəxəssislərin təkliflərində əksini tapan bu məsələ, çox təəssüf ki, neft gəlirlərinin axını dövründə həllini tapmadı. Halbuki həmin dövrdə belə bir fondun yaradılması, öz fəaliyyətini uğurla qurması üçün maliyyə baxımından şərait daha əlverişi idi.

Kənd təsərrüfatı bütün dünyada dövlət subsidiyalaşmasından asılı olan bir sahə sayılır. Və bütün inkişaf etmiş ölkələrdə aqrar istehsalçılara çoxsaylı güzəştlər edilir. Onlar üçün ən mühüm dəstək növlərindən biri isə aldıqları kreditlərə zəmanət verəcək qurumun olmasıdır. Dünya təcrübəsi göstərir ki, aqrar sektorda kreditləşmənin inkişafına təkan verən bu cür qurumlar adətən dövlət dəstəyi hesabına, əksər hallarda ilkin mərhələdə dövlət vəsaiti ilə yaradılır. Bu baxımdan, Azərbaycanda belə bir qurumun yaradılması kənd təsərrüfatı istehsalının kreditləşməsi, aqrar sektora investisiyanın cəlbi sahəsində böyük dönüşə səbəb ola bilər.

Məlumdur ki, Azərbaycanın regionlarında sahibkarların, fermerlərin kreditlərə çıxış imkanları Bakıya nisbətən dəfələrlə məhduddur. Bunun əsas səbəbi mövcud kredit şərtlərinin regionlarda Bakıya nisbətən daha ağır olmasıdır. Belə ki, regionlarda kredit verən bank və bank olmayan maliyyə təşkilatları Bakı şəhərində daşınmaz əmlak girovu tələb edirlər. Bunu isə hər yüz sahibkar-fermerdən biri təklif edə bilir. 

Digər tərəfdən, regionlarda kredit faizləri Bakıya nisbətən daha yüksəkdir – paytaxtda 30 faizdirsə, regionlarda 35 faizə çatır. Dövlətə məxsus “Aqrarkredit” Səhmdar Cəmiyyətinin kredit şərtləri belə ağır və regionlarda icrası böyük əksəriyyət üçün mümkünsüzdür (girov təminatı, zaminlik, həyat sığortası və sair, kredit faizləri isə 21-26 faiz+komisyon haqqı).

Bununla yanaşı, hətta bu cür ağır şərtlərlə belə regionlarda xüsusilə kənd təsərrüfatı istehsalçılarına kredit təklifi çox aşağı səviyyədədir. Kredit verən təşkilatlar bu sahənin riskli olmasını,  kreditlərə hər hansı zəmanətin verilməməsini, eyni zamanda istehsal olunan məhsulun sığortalanmamasını nəzərə alaraq aqrar istehsalçılara kredit verməyə həvəsli olmurlar. Son illərdə maliyyə-bank sektorunda yaşanan ciddi problemlər, ölkədə pul kütləsinin kəskin azaldılması fonunda iqtisadiyyatın bütün sektorları üzrə kreditləşmə dəfələrlə azalıb. Bu proses kənd təsərrüfatında kreditləşməni demək olar ki, sıfıra endirib. Belə bir şəraitdə prezidentin aqrar kreditlərin zəmanət fondunun yaradılmasına dair sərəncamı vaxtında icra olunarsa, kifayət qədər böyük effekt verə bilər.

Kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxş imkanlarını artırmaq üçün kredit təşkilatlarının bu sahəyə stimullaşdırmanın bir vasitəsi də kənd təsərrüfatı üzrə sığorta fondunun yaradılmasıdır. Sərəncama əsasən Maliyyə Sabitliyi Şurası  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə hər 2 istiqamətdə nəzərdə tutulan tədbirlərlə bağlı daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə 1 ay müddətində hazırlayaraq  prezidentə təqdim etməlidir. 

Qeyd edim ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Dünya Bankının mütəxəssisləri Azərbaycanda aqrar kreditlərin zəmanət fondu, həmçinin aqrar istehsalın sığortalanması fondunun fəaliyyət prinsipləri ilə bağlı kifayət qədər maraqlı və real təkliflərlə çıxış ediblər. Ümid edək ki, Maliyyə Sabitliyi Şurası həmin təkliflərdən bəhrələnəcək.

Hər iki fondun fəaliyyəti ilə bağlı ciddi maraq doğuran məsələ fəaliyyət prinsipləri, maliyyələşmə qaydaları müəyyənləşdirilərkən yalnız iri istehsalçıların deyil, xırda və orta istehsalçıların da maraqlarının nəzərə alınmasıdır. Bu amilin də müvafiq təkliflər hazırlanarkən diqqətdə saxlanması vacibdir.