40 qəpik və 2 manat hara yığılır?

40-qepik-ve-2-manat-hara-yigilir
Oxunma sayı: 1080

Bu arada məktəblərdə uşaqlardan yenə 40 qəpik yığımına başlanılıb. Yenə yuxarıda dediyim kimi valideyn etirazları baş alıb gedir. Elə bu məsələni qısa araşdırmağa çalışdım. Məlum oldu ki, bu “çörəkpulu” Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ianə yığılması tədbirinin bir hissəsisir. İllərdir, bu ənənə davam edir. İnanın ki, şagirdlər bir tərəfə, müəllimlər belə Qızıl Aypara haqqında xırda məlumata belə malik deyillər. Bu məsələylə bağlı Təşkilatın Baş Ofisinə müaraciət edib soruşanda, oranın Elmar Şəfiyev adlı rəsmi nümayəndəsi dedi ki, “nə danışırsız, bizim heç bir məktəbdən pul tələbimiz yoxdur, bunu məktəbdən soruşun.” Belə çıxdı ki, bu cür nüfuzlu təşkilatın adından istifadə edib pul yığırlar? Məktəb( Nizami rayonu ərazisindəki) direktorlarından biri Rahilə müəllimə isə əlindəki rəsmi məktubla suallara aydınlıq gətirdi. Bəli, rəsmi məktubda Qızıl Aypara Cəmiyyəti sədrinin müraciəti və istəyi əks olunmuşdu. Məktuba görə, məktəbin şagirdləri 40 qəpik, müəllimləri isə iki manat olmaqla ianə xəzinəsinə pul yığmalıdır. İndi sizcə, kimə inanaq? Qalır, elə Cəmiyyətin Nizami rayon şöbəsinin sədri Rəna İbrahimovanın fikirlərini öyrənməyə. Rəna xanımın dedikləri isə, prezident sərancamları, qanunlardan xəbər verir. Nəticədə məlum olur ki, sən demə 2004-cü il prezident sərəncamı ilə Milli Məclisdə(2007) xüsusi qanun qəbul olunub. Qanunla ölkənin iri humanitar təşkilatı olan Qızıl Aypara Cəmiyyətinə hər kəs yardımını əsirgəməməlidir. Bütün ölkə müəsisələrindən, tədris ocaqlarından(tələbələrdən 1 manat olmaqla) ianə yığılır. Nəticədə, məktəblərdə yığılan 40 qəpik, 2 manat məsələsi reallığa əsaslanır.

Bəs, Cəmiyyətin rəsmisinin təşkilat nizamnaməsindən, qanunlarından niyə xəbəri yoxdur? Elmar Şəfiyev az qala aləmi bir-birinə qatmışdı. Belə kadrlara kim səriştə verir, maraqlıdır.

Qızıl Aypara Cəmiyyəti üçün ianələrin toplanmasında bir məqam maraqlıdır. Ən əvvəl cəmiyyət insanlar arasında kifayyət qədər təbliğat aparmalıdır. Lap yığılan pulun konkret ünvanları ictimaiyyətə çatdırılmalıdır. Uşaqlara xeyriyyəçilik ənənəsi aşılanmalıdır. Bu məsələ kimin yadına düşür ki? Ən azı şağırd, valideynlər bu pulun kimin cibinə getdiyini bilməlidirlər. Bir də bu prosesində məcburiyyət yoxdur, baxmayaraq ki, məktəb, instutlarda uşaqlardan bu məcburi şəkildə tələb edilir. Qanuna görə, məcburi tələb olunmayan ianənin real yığımının( ümumi hesabının) şəffaflığına kim nəzarət edir?

Bir faktı da deyim sizə. İlboyu uşaqlardan lazım olan məbləği (həmişə belə cəmiyyət məsələsi kimi olmur) yığan, bu öhdəliyi yerinə yetirən müəllimin şəkli şərəf lövhəsində yer alır. Müəllimə avtomatik olaraq hər hansı pulu verməkdən azad edilir. İndi bildiniz ki, niyə könüllü yığılan pullar məcburi tələb edilir. Bizim təhsilimizin standartları, qanunauyğunluqlarına bu da daxildir. Bizim əməlli başlı təhsil dərdimiz var. Dərdimizi kimə deyək?