44 il müəllim işləyib, indi taksi sürür...

44-il-muellim-isleyib-indi-taksi-surur
Oxunma sayı: 2969

Seymur Verdizadə

Bəlkə 70 yaşımda mən də vəzifə davası döyəcəm. Bəlkə də yaşımdan utanmayıb, qonorarımı artırması üçün baş redaktora mədhiyyə deyəcəm. Bəlkə də 70-ə çatmamış öləcəm. Axı bizim ölkəmizdə əhalinin cəmi 10-15 faizini 60-69 yaşlı insanlar təşkil edir...

Əvvəllər insanlar qocalmağı ona görə arzulayırdılar ki, penisyaya çıxıb, ömürlərinin qalan hissəsini rahat yaşasınlar. Sovet hökumətinin verdiyi pensiya qarı və qocanın məsud yaşaması üçün bəs edirdi. İndi isə qocalıq özü ilə birlikdə saysız-hesabsız problemlər gətirir. Düzdür, bizim azad və şən ölkəmizdə qocalmaq hamıya nəsib olmur. Hətta Əzrayılın gözündən yayınmağı bacaranlar belə uzunömürlü olmağın keyfini çıxara bilmirlər. O sadə səbəbdən ki, keyf eləmək üçün pul lazımdır. Biizm ölkəmizdə isə cavanlar qəpiyə güllə atırlar, o ki qaldı əlsiz-ayaqsız qocalar ola...

Baş redaktorumuz qonorarı yazının həcminə görə ödəmədiyi üçün həm sizi, həm də özümü yormadan birbaşa mətləbə keçirəm: yeni tədris ilinin başlaması qocaman müəllimlərin iş yerini itirməsi ilə yadda qaldı. Belə ki, Təhsil Nazirliyi 65 yaşını tamamlamış müəllimlərin əksəriyyəti ilə yenidən müqavilə bağlamaqdan imtina etdi. Bunda məqsəd gənc müəllimlərin önünü açmaq, onları öz ixtisaslarına uyğun müvafiq işlə təmin etməkdir. Şəxsən mən bu təşəbbüsü alqışlayıram. O səbəbdən ki, yaşlı kadrların öz yerlərini gənc mütəxəssislərə verməsinin vacibliyini önə çəkən ən azı 20 məqalə yazmışam. Açıq danışmaqda və yazmaqda fayda var: Azərbaycan hökumətinə 83 yaşlı bir qocanın başçılıq etməsi məni həmişə kədərləndirib. Ona görə yox ki, Artur müəllimin yerində gözüm var. İyirmi illik təcrübəmə rəğmən, mən heç baş redaktor da olmaq istəmirəm. Söhbət ondan gedir ki, qocalar cavanların yerini tuturlar, onların təcrübəli mütəxəssis kimi yetişməsinə mane olurlar. Soruşa bilərsiniz: əgər belədirsə, 65 yaşlı müəllimlərin pensiyaya göndərilməsində qeyri-adi, təəccüblü nə var?

Soruşmaq ilk növbədə biz jurnalistlərin vəzifəsi olduğu üçün iş yerini itirdiyi 19 gün ərzində Təhsil Nazirliyinə 20 məktub yazan qohumumun başının üstünü kəsdirdim: ağsaqal, niyə ömrünün qalan hissəsini iş-gücdən, qayğılardan uzaq yaşamaq istəmirsən?

Qohumumun cavabı belə oldu: “Aldığım pensiya ilə nəinki bir ay, heç bir həftə də dolanmaq mümkün deyil. Əgər dövlət mənə yaxşı pensiya versə, 44 il can qoyduğum məktəbə tərəf bir dəfə də baxmaram”.

Yadıma ötən əsrin 90-cı illərində baş vermiş bir hadisə düşdü. Erməni təcavüzü nəticəsində Bakıya pənah gətirən qohumlarım bir müddət yurd niskili, qoyun-quzu həsrəti ilə yaşayandan sonar taleyin hökmünə boyun əyib, subay oğlanlarını evləndirməyə, gənc qızlarını ərə verməyə girişdilər. Uzun-uzadı elçilik mərasimlərindən zəhləsi gedən şəhərli qohumlarımdan biri oğlunu evləndirməyə hazırlaşan qardaşına bir dəfə belə dedi: “Oğul evləndirməyə, qız köçürməyə çox da həvəs göstərmə. Sabah nəvən olanda beş qəpik tapmayacaqsan ki, ona “bakkuş” alasan”.

Yaşlı adamların iş yeri ilə vidalaşmağı faciə kimi qəbul etməsinin əsas səbəbi də elə budur: baba nəvənin yanında başıaşağı olmaq istəmir...

P.S. Axşam ağ vərəqlərə köçürdüyüm bu sətirləri səhər klaviaturada döyəcləməyə macal tapmamış qohumum zəng etdi: “Bu gündən yeni işə başladım. Nə vaxt taksi lazım olsa, mənə deyərsən”.

P.P.S. 44 il pedaqoji fəaliyyətlə məşğul olan qohumum yeni işinin sayəsində ürəyi istədiyi vaxt nəvəsinə “bakkuş” ala biləcək. Əgər bu dərd onu çərlədib öldürməsə...