“44 milyon manat pulun köçürülməsinə qol çəkmişəm”

“44 milyon manat pulun köçürülməsinə qol çəkmişəm”
Oxunma sayı: 1665

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə təqsirləndirilənlər ifadə veriblər.

12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan "Soik Constraction" MMC-nin direktoru işləmiş Natiq İmanov deyib ki, bütün işləri Dünyamin Xəlilovun tapşırığı ilə həyata keçirib: "Biz Bakıda 4 bloklu bina tikirdik. Mən həmin ərazidə yaşayan 50-yə yaxın ailəni  köçürdüm. Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankın mərkəzi filialına gedib orada Azər adlı şəxsin verdiyi sənədlərə qol çəkib gəlirdim. Hər dəfə 1,5 milyon olmaqla, ümumilikdə 44 milyon manat pulun köçürülməsinə qol çəkmişəm. Rəsmi olaraq maaşım 200 manat idi, amma Dünyamin Xəlilovdan qeyri-rəsmi 2 min manat maaş alırdım. 22 milyon 450 min manat kredit götürməyimlə bağlı onu deyə bilərəm ki, mən sadəcə sənədlərə qol çəkirdim, pul elə kassada qalırdı. Sonra Dünyamin müəllim adam göndərib həmin pulları götürürdü".

"Abidə" MTK-nın rəhbəri Arif Mədətov və "Alfaline" şirkətinin sahibi Sadix Murtuzayev də Dünyamin Xəlilovun tapşırığı ilə bankdan kredit götürülməsinə dair sənədlərə qol çəkdiklərini, lakin pulu götürmədiklərini deyiblər.

İttihama görə, C. Hacıyev və komandası 4.7 milyard manat pulu mənimsəməkdə, 1.8 milyon manat pulu vergidən yayındırmaqda təqsirləndirilir.

Xatırladaq ki, bundan öncəki məhkəmə işində C.Hacıyev 15 il, D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi sabiq deputatın cəzasını 3 ay azaldıb.

***

Dünyamin Xəlilov ifadəsində deyib ki, Cahangir Hacıyevlə 40 illik ailəvi dostluq münasibətləri olsa da, biznes əlaqələri olmayıb: “Cahangir Hacıyev məni “General Consalting” şirkətinə rəhbər təyin etdi. 2005-ci ildə xarici şirkətlərlə layihələr işləməyə başladıq. Biznes genişləndiyi üçün yeni şirkətlə açdıq. Qanuna görə Beynəlxalq Bank xarici şirkətlərə kredit ayıra bilmədiyi üçün burdakı MMC-lərə kredit ayırıb pulu həmin şirkətlər vasitəsilə xaricdəki hesablara köçürdük. Xarici ölkələrdən Azərbaycana yağ gətirib satdıq, pulu da banka qaytardıq. “İnter” Futbol Klubunun hesabına 200 min dollar köçürmüşdük”.

Proses fevralın 15-də davam etdiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi