470 mini mənimsəyən vəzifəli şəxsin məhkəməsi başlayıb

470-mini-menimseyen-vezifeli-sexsin-mehkemesi-baslayib
Oxunma sayı: 1926

Bakı Ağır Cinayətlər Məhkəməsində Aqroinvest Kredit İttifaqının rəhbəri Əyyub Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Əhmədov kəndlilərin adına kredit rəsmiləşdirərək Sahibkarlara Kömək Milli Fondundan ayrılan 470 min manat pulu mənimsəməkdə ittiham edilir. O, polisin nəzarətinə verildiyi üçün azadlıqdadır.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə şahidlər dindirilib. Vurğun Əzizov deyib ki, 1200 manat kredit götürüb qaytarsa da, adına götürülən 10 min manatlıq kreditdən xəbəri olmayıb.

Kredit İttifaqının baş mühasibi işləmiş Səidə Rüstəmova deyib ki, kreditlərdən məlumatsız olub: "Mən sadəcə qəbzlərə, ödənişlərə nəzarət edirdim. Kredit şöbəsinə Əliyaz Feyzullayev nəzarət edirdi və kreditləri o ayırırdı. Əliyaz müəllim də vəfat edib". 

Təqsirləndirilən Ə.Əhmədov da ayrılan kreditlərə mərhum Ə.Feyzullayevin nəzarət etdiyini deyib: “O, kredit alan şəxsləri və məbləğləri müəyyənləşdirirdi, bizə isə hazır sənədlər gəlirdi.

Digər şahidlər Bəhram Nəsirov, Səməd Ağayev, Mehman Məhərrəmov, Nicat Rəsulov, Amin Rəcəbov və Malik Balakişiyev də adlarına ayrılan 10-15 min manat arası kreditlərdən məlumatsız olduqlarını deyiblər.

Proses sentyabrın 15-də davam etdiriləcək.

Murad Əhməd