48 karxana ilə bağlı cinayət işi açıldı - 7 nəfər həbs olundu

48-karxana-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 4385

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Baş Prokurorluq qeyri-qanuni istismar işləri aparan karxanalarla bağlı birgə açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları müəyyən olunub. Məlum olub ki, 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 4 milyon 845 min manat məbləğində ziyan vurublar.  

Qeyd edilən 48 sahibkarlıq subyektindən 29-nun Fövqəladə Hallar Nazirliyindən lisenziya almadan fəaliyyət göstərmələri müəyyən olunub. 

Bununla da "Günəş" kooperativinin rəhbəri Yarıyev Xaləddin Böyükağa oğlunun 337 min manat, fiziki şəxslər Babaxanov Afərin Ağabala oğlunun 132 min manat, Almazov Oruc Mirəskər oğlunun 103 min manat, Qazaxov Laçın İsmayıl oğlunun 100 min manat, Əliyev Cəlal Bayandır oğlunun 74 min manat, Kazımov Elşən Hüseyn oğlunun 64 min manat və Qasımov Tapdıq Xanlar oğlunun 44 min manat miqdarında ətraf mühitə ziyan vurmalarına əsaslı şübhələr yaranıb.

"Günəş" kooperativinin rəhbəri Xaləddin Yarıyev, fiziki şəxslər Afərin Babaxanov, Oruc Almazov, Laçın Qazaxov Cinayət Məcəlləsinin 192.2.1, 247 və 308.2, Elşən Kazımov və Tapdıq Qasımov Cinayət Məcəlləsinin 192.1, 247 və 308.2, Cəlal Əliyev isə həmin məcəllənin 192.1 və 247-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.