5 yaşlı qızını öldürən ana peşman deyil...

5-yasli-qizini-olduren-ana-pesman-deyil
Oxunma sayı: 3339

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib.

G.Saypullayeva qızının ölümündə özünü günahkar bilmədiyini deyib.

Luzianın atası Bəxtiyar Ömərov ifadə verərək deyib ki, Gülnarənin qızını niyə öldürdüyünü bilmir: “Mən həmin vaxt evdə deyildim. Sonra Gülnarədən niyə belə etdiyini soruşdum. Dedi ki, “birdən ağlıma gəldi, mən də elədim”. Amma əvvəl uşağın yıxıldığımı demişdi. Onunla rəsmi nikahımız yox idi. Gülnarə əvvəl də ərdə olub, uşağı da var idi”.

Məhkəmədə məlum olub ki, zəhərlənərək öldürülən qızcığazın biloji atası başqa adam olub. Bəxtiyar isə sadəcə onu uşaqlığından bəri saxlayıb və öz soyadını verib.

G.Saypullayeva isə ərinin yalan danışdığını deyib: “Sən bilirsən ki, mən xəstəyəm. Orda yazılıb ki, mən qızımı öldürmüşəm. Amma mən neçə il sizə qulluq etmişəm, yemək bişirmişəm. Niyə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən? Mənə cəza veriləcək, həbsxanaya gedəcəyəm, sən nə edəcəksən?"

Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib.

Murad Əhməd