50 yaşlı Xalid...

50-yasli-xalid
Oxunma sayı: 1913

Bu gün tanınmış jurnalist Xalid Kazımlının 50 yaşı olur. "Qafqazinfo" kollektivi Xalid Kazımlını təbrik edir və həyatının önəmli yaşında ona yeni-yeni uğurlar arzulayır. Bu məqamda "Qafqazinfo" müəllifin 50 yaşı ilə bağlı yazdığı köşəsini təqdim edir:

30 il öncəydi, 20 yaşım vardı, hesab edirdim ki, bu, artıq ömrün yarısı deməkdir. Hətta bu mövzuda bir şeir də yazmışdım və o şeiri Gəncədə, Qatır Məmmədin heykəlindən bir az aralıda, Maksim Qorki 44 ünvanında həmkəndlimlə bir otaqda kirayədə qalan Rauf Arifoğlunun maqnitofonuyla audiokasetə də yazdırmışdım.

20-ni iki qatlayıb 40-a çatanda zarafatla dostlara “həyat indi başlayırmış ki” dedim.
İndi 50-dir. Aşıq Alının 50 yaş haqqında məşhur bir qoşması var, deyir, “əllini aşırdıq, yüzə nə qaldı”.

Amma biz, əllini aşıranlar o halda deyilik ki, oturub yüzə nə qaldığını hesablayaq. Nə qaldıysa, qaldı...

Əsas məsələ yaşanmış 50 ilə nələri sığdırmağımızdır.

Uşaqlıq, gənclik arzularıma baxıram, həyata keçənləri ilə keçməyənlərinin nisbəti təxminən 50:50-dir, yarısı doğrulub, onun fərəhini yaşamışıq, yarısı doğrulmayıb, üzülmüşük. Bəzi arzulardan ümidimizi də kəsmişik.

12-13 yaşım olanda ən böyük arzum qəzetçi olmaq, ölkənin ən yaxşı qəzetində işləmək, məşhur jurnalist Nurəddin Babayev kimi publisistik yazılar yazmaq, Mirzə Cəlil kimi felyetonlar qələmə almaq, hekayələr kitabı çap etdirmək idi.

Bu arzum doğrulub, 20 ildir ölkənin ən populyar qəzetində işləyirəm, felyetonlar, publisistik yazılar yazıram. Biri satirik roman olmaqla iki bədii kitabım çıxıb. Üçüncü kitabım müasir elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsassız yerə güvənməyin zavalına gələrək sonuncu hərfinə qədər pozulub gedib, dördüncünü yavaş-yavaş yazıram.

Ailə-məişət məsələsində də arzularım həyata keçmiş sayılır. Övladlar sarıdan ürəyim Everest qədər dikdir.

Ancaq ictimai planda bir sıra gənclik arzularım da var idi, onlar sarıdan nagümanam.
20-25 yaşımız olanda biz o dövrün ədiblərindən, onların əsərlərindəki sətiraltı mesajlardan millətin, milli əsarətin, müstəqilliyin nə demək olduğunu duymuşduq (Yaşlı nəsil ədiblərə sayğım bu üzdəndir). İstəyirdik, öz milli dövlətimiz, öz bayrağımız olsun. Oldu da.

Amma necə oldu? Bir gözümüz ağlayır, biri gülür. Fəxr edirik ki, dünya bizi öz üçrəngli bayrağımızla tanıyır, müstəqil dövlətik. Fəqət bu necə dövlətdir ki, orda insanların seçib-seçilmək hüququ yoxdur, ölkə boyunca bir seçki məntəqəsində belə dürüst seçki keçirilmir. Ehtiyac olmayanda da saxtakarlıq edirlər.

Bizim qurmaq arzusunda olduğumuz dövlət belə olmamalı idi. Haqq-ədalət yoxdur, millətin asayişini, təhlükəsizliyini qorumalı olan dövlət strukturlarından bandit çeteləri çıxır. Məmurlar soyğunçuluq, talama, məngirləmə, pulla qanbatırma həşirindədirlər.

Bizim arzuladığımız ölkə tərəqqipərvər cəmiyyətə malik olacaqdı, qədim əsrlər cəhalətinə yuvarlanmayacaqdı, quldarlıq quruluşu dövrünün idarəetmə üsullarına qayıtmaq istəməyəcəkdi.

25 yaşımızda düşünürdük ki, 50 yaşımıza çatanda ölkəmiz Yaponiya, Cənubi Koreya kimi elmin idarə etdiyi bir dövlət olacaq. Ağlımıza da gəlməzdi ki, 50 yaşımızda falçılıqla dövlət səviyyəsində mübarizə aparıldığını görəcəyik, televiziyalarda cinçıxarma epizodları görəcəyik. Teatr tamaşalarında üstünə güldüyümüz şeyx nəsrullahların bunca çoxalacağını heç birimiz təsəvvür etməzdik.

Budur, irəli gedəcəyini gözlədiyimiz cəmiyyət çox gerilərə gedib, orta əsr padşahlığına bənzəyən dövlət idarəetməsi mövcud olanda, insanlar da kütləvi şəkildə xurafata, cəhalətə gömülməliydilər. Hər addım başı xudayar bəylərlə rastlaşırıq və onlar yenə də Vəliqulunun anasını ağladırlar.

Bu 50 illik ömrün son 25 ili gerçəkdən də çox sürətlə keçdi. Bizə qədər heç bir nəsil bu qədər siyasi təlatümü cəmi 25 ilin içində görməmişdi. SSRİ-nin dağılmasını, sosializm sisteminin çöküşünü izlədik, kommunizmin bir röya olduğunu bildik, azman imperiyanın yerində müstəqil dövlətlərin yarandığına şahid olduq, müharibələrdən keçdik (hələ də bitməyib), vəhşi kapitalizmin zərbələrinə tab gətirdik, anarxiya, xaos, aclıq, səfalət də gördük. İnqilablar, çevrilişlər, əks-inqilablar, hərəsi bir savaş meydanı demək olan seçkilərdən adladıq. Böyük ümidlər içində olduq, böyük umsuqluqlar yaşadıq.

Əminəm, “son 25 ili bir də eynilə yaşamaq istərsinizmi” sualı versələr, yaşıdlarımın tam əksəriyyəti “yox” cavabı verər. Çünki bu illərdə yaşadığımız üzüntülər bir əsrin məyusluqları qədər olub.

Təbii ki, hər kəs ömrünün keçən illərinə həsrətlə, xiffətlə baxır. Şair demişkən, keçdi o günlər daha, bir də geri gəlməyəcək. Tək bircə təsəllimiz var ki, biz bu illəri böyük ideyalar naminə xərclədik, mübarizəylə keçirdik, nələrinsə yaxşı olmasına çalışdıq, kölə, müti olmaq istəmədik.

Yuxarıda dediyim kimi, arzuların yarısı gerçəkləşdi, yarısı yox. İndi arzu edək ki, bizdən sonra gələn nəsil də bizim arzularımızın yerdə qalan hissəsini gerçəkləşdirsin.