529 əcnəbi cəzalandırıldı

529-ecnebi-cezalandirildi
Oxunma sayı: 648

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 10-14-də Bakı, Biləsuvar, Masallı, Lerik, Astara və İmişlidə qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 529 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Saxlanılan əcnəbilər arasında Gürcüstan, Türkiyə və Rusiya vətəndaşları üstünlük təşkil edib.

Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 468 nəfəri İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 42 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 3 nəfəri isə 339.1.4-cü maddəsi (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə ediliblər.

Həmçinin, işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 5 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilib və müvafiq sənədlər tərtib olunub.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.