600 özbaşına məktəb

600-ozbasina-mekteb
Oxunma sayı: 2280

Raminə Eyvazqızı

Bir ara çoxbilmişlər təklif edirdilər ki, dövlət idarələri adlarının qarşısındakı “milli” sözü ləğv edilsin. Axı niyə? Hər ölkənin mədəniyyəti, mətbəxi xüsusiləşirsə, cinayətindən tutmuş elmi, hətta havası niyə də milli olmasın axı? Nə də olmasa, təhsil, səhiyyənin milliləşdirilməsi mutləqdir.

Deyirəm bəlkə, bizim də Təhsil Nazirliyimizin qarşısında misal üçün, Türkiyə( Milli Eğitim Bakanlığı), Fransa (Milli Təhsil Nazirliyi) kimi “milli” kəlməsi olsaydı, öyrətmək-oxutmaq sarıdan bu qədər əziyyət çəkməzdik. Görəsən, təhsilimiin yaxşılaması elə “milli” (Əbülfəz Elçibəy zamanında “Xalq Təhsili Nazirliyi” adlanırdı) sözündənmi asılıdır? Əlbəttə ki, yox. Hamımız yaxşı bilirik ki, bu gün ölkədə tədris, təhsilin başına başbilən, təcrübəsi aşıb-daşanın biri də gətirilsə, onun ağ günə çıxacağı yoxdur. Bunun yaşlı, cavan beyinlə, uzun-uzadı ali təhsilli olmaqla da əlaqəsi heç yoxdur. Təhsil sisteminin yeri təzədən şumlanmalı, becərilməli, qaratikandan təmizlənməlidir.

Son iillərin statistikası deyir ki, ölkədə ümumilikdə 4500-dən çox orta təhsil ocağı var. Təhsil idarələrinə, dini inanclara bələnib ziyarət olunan “ocaqlar” kimi münasibət bəslənməsə də göstərici az deyil. Bu rəqəm içində özəl, dövlət, orta, tam orta, lisey, internat məktəb profilli təlim-tərbiyə müəsisələri də var.

Bir az əvvəl Təhsil Nazirliyi elan edəndə ki, 600 məktəbi başsız fəaliyyət göstərir, bu xəbəri dəfələrlə oxudum. 60 yox, tam 600 məktəbin direktorsuz işləməsi nə deməkdir? Bu qədər müdir nə zaman işindən azad olundu, rəqəmin bu vəziyyətə gətirilməsi nazirliyin sanamağında problem olduğunu göstərmirmi? Heç bəlkə əzəldən direktorsuz işləyən məktəblər olub, xəbərimiz yoxdur. Güya direktorlu məktəblərin hamısından yarıma sevincini yaşamışıq? Etiraf edək ki, bizdə istənilən idarə, müəsisədə direktor, müdir “imza atan”, “möhürvuran” işindən başqa funksiyanı yerinə yetirmir. Bu gün dərdimiz olanda hər yerdə bizi müdir müavini, hətta sayı bilinməyən müavinləri qarşılayırlar. Direktorun “üzgördü” xofu var elə bil, toxunulmazlıq, gözəgörünməzlik “abidə”sinə çevrilib. Günü bu gündə təhsil müəsisəsinə gedəndə, “nə məsələdi” sualını direktor müavini verir. Bəs belədirsə, direktor ştatı nəyə gərəkdir? Təhsil Nazirliyinin topdan direktor axtarışı nə məqsədə qulluq edir? Suallar o qədər çoxdur ki, adam axtarırıq dilləndirək, çifayda.

Artıq 600 vakant direktor vəzifəsinə təxminən bu sayın üçqatı qədər, 1700 nəfər müraciət edib. Özü də elekton müraciətlə. Rəhbər vəzifəsini tutmaq istəyən çoxdur. İndi seçimin hansı şərtlərə uyğun aparılaçağı yenə suallar doğurur.

Üç il əvvəl yaxından tanıdığım xanım bölgələrdən birində rayon məktəbinə direktor düzəlmək üçün 12 min manat vermişdi. Əlbəttə ki, bank krediti ilə. Allah var, maraqlı ideyarı olan, işlək biridir. Vəzifəyə başlayanda söz vermişdilər ki, uzağı iki ilə bu pulu çıxardacaqsan. Bir ili tamam olmamış istefa ərizəsini özü verdi, sonra da ofis işinə qayıdıb, bank kreditini bala-bala qaytarmalı oldu.

Təhsil müəsisəsinin direktoru vəzifəsi nəzəri ədəbiyyatda belə səciyyələndirilir: planlaşdırma-proqramlaşdırma, təşkilati- sərəncamvermə, nəzəri-metodiki, məktəbin maliyyə təsərrüfat fəaliyyətinə rəhbərlik. Bu dörd funksiyanı bilmək üçün direktor işləmək lazımdır, yoxsa direktor olmaq? Əminəm ki, sənəd verən, direktor sevdalıları dördüncü funksiya ətrafında daha çox baş sındırıblar.

Bizim gələcək 600 direktordan “300 spartalı” effektini görmək kimi ümidimiz yoxdur, onsuz da hər məktəbin canlanması üçün “baş” ayrı mənada gərəkdir.