7 vaqonlu qatarlar bu stansiyalarda istifadə ediləcək

7-vaqonlu-qatarlar-bu-stansiyalarda-istifade-edilecek
Oxunma sayı: 2095

“Bakı metrosu 7 vaqonlu qatarlar alacaq. Həmin qatarlar bənövşəyi xətt stansiyalarında olacaq. Bu istiqamətdə olan stansiyalarda platforma geniş olduğundan 7 vaqonlu qatarların hərəkətinə imkan verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Virtualaz.org-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
 
Onun sözlərinə görə, 7 vaqonlu qatarlardan köhnə stansiyalarda istifadə mümkün deyil: “Hazırda yalnız “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında 7 vaqonlu qatarlardan istifadə mümkündür. Doğrudur, hələ ki, bu stansiyalarda da, digərlərində olduğu kimi, 5 vaqonlu standart qatarlardan istifadə olunur. Amma platforma daha iki vaqondan istifadəyə imkan verir. Gələcəkdə mavi və sarı xətt istiqamətində tikiləcək bütün stansiyalarda və bənövşəyi xətt uzandıqca yalnız 7 vaqonlu qatarlardan istifadə olunacaq”.
 
Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqinin nəzərdə tutulduğunu bildirib.
 
QSC sədri vurğulayıb ki, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. “Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”.