700 bal toplamağın sevinci…

700-bal-toplamagin-sevinci
Oxunma sayı: 3017

Dünya Sakit

Bir vaxtlar lotereya almağa çox aludə olmuşdum: hər həftə azı 2-3 bilet alırdım. Biletləri “Qara Qarayev” metrosunun yaxınlığında biletsatan orta yaşlı kişidən götürürdüm. O, hər dəfə hansı oyunda çox cek-pot olduğunu deyirdi, mən də həmin oyunun biletlərini alırdım.

 Bir dəfə qəbul imtahanları ərəfəsində satıcı “müəllimə, bu imtahanlarda ədalətli nəticə olurmu görəsən?” soruşdu. Hiss elədim ki, övladı imtahan verəcək. “Test üsulu minlərlə kasıb balasına oxumaq imkanı qazandırıb, uşağın yaxşı hazırlaşırsa qəbul olacaq” dedim. Cavabı məni heyrətləndirdi: “Uşaq imtahan verəcək... On birdə oxuyur. İki ildir gecələri işləyir, gündüzləri hazırlaşır. Qazandığı puldan direktora da verir, dərsə getmir. Özü hazırlaşır, müəllim yanına qoymağa imkan yoxdur”.  

Bu söhbətdən hardasa bir il keçmişdi, mən daha lotereya almaqdan yorulmuşdum... Bir gün o satıcını gördüm, yenə məndən məlumat almaq istədi: “Müəllimə, uşaqları dövlət hesabına xaricə oxumağa göndərirlər deyirlər, eşitməmisən bu barədə nəsə?” Təsadüf  elə gətirmişdi ki, biz çalışdığım QHT-də “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nı monitorinq edirdik. Proqram barədə ona ətraflı məlumat verdim. Nə üçün maraqlandığını da soruşdum. Dediklərindən məlum oldu ki, oğlu 600-dən yuxarı bal toplayaraq öz istəyilə kompüter texnologiyaları üzrə universitetə daxil olub. İndi də imtahan verib Almaniyada universitet qazanıb: “Oğlum deyir, dövlətlərarası müqavilə var, Almaniyadakı təhsili pulsuz olacaq. Deyirəm, birdən uşağı aldadarlar. Mən də beş-altı ay əvvəl lotereyada 18 min manatlıq maşın udmuşam, pulu saxlamışam. Lazım gəlsə, o pulu verməyə hazıram ki, uşağın arzusu gözündə qalmasın. O, ailəmizin ən çətin günlərində gecələr işləyib mənə kömək edib, indi də mən ona kömək edim”. Mən də ona dövlətlərarası müqavilə xətti ilə təhsil almaq imkanları barədə bildiyim qədər məlumat verdim: “Halal olsun sənin oğluna... Onun gələcəyi ilə bağlı işlərə rüşvət haramını qatma, o qabiliyyət ki, onda var, özünə yol tapacaq...”

Üstündən 5-6 il keçib, hələ də ali məktəblərə qəbul imtahanlarından 700 bal toplayan gənclər barədə oxuyanda, eşidəndə o biletsatanın oğlunu xatırlayıram. Üzünü belə görmədiyim o uşağın ali təhsil almaq üçün hansı əziyyətlərə qatlaşdığını düşünürəm. Ürəyimdə bir inam var ki, Böyük Yaradan onun əziyyətlərini yerdə qoymayıb, təhsilini xaricdə davam etdirə bilib. 

Kimin nə deməsindən asılı olmayaraq, test üsulu Azərbaycan şəraitində ədalət prinsiplərinin itmədiyi az-az müstəvilərdən biridir. Bu müstəvi universitet qazanmaq, ali təhsil almaq üçün sadə vətəndaşa da imkan tanıyır. Düzdür, cəmiyyətdəki təbəqələşmə bu üsulla qəbula da təsirsiz ötüşmür: imkanlı valideynlərin övladları daha yaxşı hazırlaşmaq, daha yüksək hazırlıq keçmək imkanlarına malik olurlar, yüksək təhsil verən özəl liseylərdə oxuyurlar. Onlarla müqayisədə bir çox hallarda repetitor yanına belə getmək imkanı olmayan kasıb övladlarının hazırlaşmaq  imkanları qat-qat aşağı olur. Lakin yuxarıda yazdığım nümunədə olduğu kimi, əziyyət çəkənin əziyyətini yerdə qoymur TEST. Bu ədalətliliyinə görə də onun yaşaması, yaşadılması vacibdir.