72 Huri, yaxud şəhvət dolu cənnət?..

72-huri-yaxud-sehvet-dolu-cennet
Oxunma sayı: 9006

Nadir Qocabəyli

Sosial şəbəkələrdə qarnına, yalan olmasın, 10 kilo partlayıcı maddə sarınmış bir intihar terrorçusunun şəkli paylaşılıb. Qoca, arıq bir kişidir. O, bəd niyyətini gerçəkləşdirə bilməyib və tutulandan sonra deyib ki, onsuz da ölümünə az qalıb, şəhid olsa, cənnətdə ona 72 huri verəcəklər. Ona görə də, bu təklifi qəbul edib...

Bu şəkil və altındakı yazı mənə çox təsir etdi. Zavallı və miskin, eyni zamanda bu qorxunc qocaya xeyli baxdım, söylədiyi cümləni dönə-dönə oxudum və istər-istəməz düşündüm: axı bu nədir? Heç bir şeydən xəbəri olmadan öz dərd-sərinin ardınca gedən, bazarlıq edən, gündəlik məişət qayğıları ilə əlləşən sadə insanları partladıb cənnətdə kef çəkmək istəyən canlı necə bir insan olmalıdır? Hansı düşüncəyə və təfəkkürə sahib olmalısan ki, səni belə bir qəddarlığa təhrik edə bilsinlər?

Yadıma iki öncə iki tanışımın məni “namaza dəvət” etmələri üçün yanıma gəlmələri düşdü. Onlara İslama qarşı olmadığımı, ancaq eyni zamanda, namaz qılmağa da hələ hazır olmadığımı söylədim. Çünki məni narahat edən bəzi sullara hələlik cavab verən yoxdur və özüm də cavab tapmış deyiləm. Sullarıma başqaları kimi, onlar da cavab verə bilmədilər.

Gələnlərdən birini çox yaxından tanıyırdım. Həmyerli olduğumuz üçün tələbəlik illərində arabir görüşürdük. Xalq Təsərrüfatı institutunda oxuyan bu oğlanın işi-gücü atasının rayondan göndərdiyi pulları ora-bura tozlamaq idi. O, demək olar ki, yox, ümimiyyətlə heç bir dərs-filan oxumurdu, kirayə qaldığı evdə bircə dərslik, ya da kitab tapa bilməzdin. İmtahan və “zaçot”larını pulla yazdırırdı. Bütün vaxtını şəhərdə, metroda, avtobusda “qız ovlamaq”, şikarını kirayə qaldığı birotaqlı mənzilə gətirib, onunla sekslə məşğul olmaqla keçirirdi. İçkiyə meyilli deyildi, ancaq mənə deməsə də, hiss edirdim ki, arada nəşə çəkir.

Münasibətlərimizin qorunmasının təşəbbüskarı o idi. Özü avara olsa da, mənim “oxuyan” və “savadlı” olmağım onun xoşuna gəlir, mənə xüsusi hörmətlə yanaşır, arabir zəng vurub, çaya, yeməyə dəvət edir, hətta çətinliyim olacağı təqdirdə atasından qopardığı pullarla mənə kömək də təklif edirdi. Pulları atasından zorla, hətta şantajla qopardığına bir neçə dəfə telefon söhbətini təsadüfən eşidərək şahid olmuşdum. O vaxtkı gənclik düşüncəmə görə, o, qeyri-ciddi adam olsa da, pis oğlan deyildi. Ona görə də, münasibətləri pozmaq istəmirdim. Heç pozmadım da, sadəcə, yollarımız təbii axarıyla, tədricən ayrıldı və onun ildə bir, ya da iki dəfə zəng vurub, hal-əhval tutmasından başqa ünsiyyətimiz olmadı.

Uzun illər sonra mənə “namaza gəlməyi” təklif edəndə də, dedi ki, sən çox yaxşı oğlansan, ona görə də, cənnətə getməyini istəyirəm. Ona gülümsəyərək təşəkkürümü bildirib, zarafatla buna hələ vaxtımız olduğunu dedim. Amma dostum israrından əl çəkmirdi və başladı ağzı sulana-sulana mənə cənnətin həzzlərindən, gözəl bakirə qızlardan, hurilərdən və sairədən danışmağa. Dözməyib, əsəbiləşdim və soruşdum: “Dostum, bütün ömrün boyu necə səhifə oxumusan?” Dostum tutuldu və mənim ondan qat-qat bilikli olduğumu dedi. Dedim, yox ey, neçə səhifə oxuduğunu söylə. Cavab verdi ki, sən məni tanımırsan? Bilmirsən ki, kitab oxumaq-zad mənilik deyil?! Dedim: “Atan oldu rəhmətlik, get mənim oxuduqlarımın heç olmasa yarısını oxu, ondan sonra gəl, cənnətdən də, cəhənnəmdən də istədiyin qədər söhbət edək...”

O, Mersedesinə minib suyu süzülə-süzülə getdi və bir daha zəng vurmadı...
Həm intiharçı qoca terrorçunun şəklinin, həm keçmiş dostumun xatirəsinin təsiri altında dini savadımı yeniləmək, bu düşüncənin haradan qaynaqlandığına bir daha nəzər salmaq üçün kiçik bir araşdırma apardım.
İlk rastıma çıxan türkcə bir məqalədən oxuduqlarım: “İslamda 72 huri məsələsi Cənnətin şəhvət dolu yönünü ifadə edir. Bunun mənbəyi mömin kişilərin naringi boyda və ya tumurcuqlanmış məmələri olan bakirə qızlarla evləndiriləcəkləri bildirilən Quran ayələrindədir.”

Əl-Duxan (Duman) surəsi, 54-cü ayə: “[Möminlərin cənnətdəki əhvalı] belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.”
Ən-nəbə (Böyük xəbər) surəsi, 31, 32, 33, 34-cü surələr: Həqiqətən müttəqiləri nicat yeri [Cənnət], Bağçalar və üzüm bağları, Nar məməli [iri döşlü] qızlar, [Cənnət şərabı ilə] dolu qədəhlər gözləyir. (Tərcümə Vasim Məmmədəliyevindir.)

İslam alimlərindən olan Əl-Qəzali cənnətdəki cinsi həzzlər və cənnəti “alqı-satqının olmadığı... amma hər bir kişinin istədiyi qadınla dərhal münasibətə girə biləcəyi” cariyə bazarı kimi xarakterizə edən hədis(lər) üzərində baş sındırmalı olmuşdur.

Hədis: “Bir nəfər peyğəmbərdən soruşmuş: Ey Allahın rəsulu, cənnətdəkilər cinsi əlaqəyə girə biləcəklər? Peyğəmbər cavab vermiş: Onlardan hər birinə 7 kişinin gücü veriləcək. Cənnətdə hər kişiyə 500 huri, 4 min bakirə qız və 8 min dul qadın veriləcəkdir. Bunların hər biri dünyadakı ömür qədərində olan bir müddət ərzində onun qayğısına qalıb, könlünü xoş edəcəklər. Cənnətdə alqı-satqının olmadığı, qadın və kişilərdən ibarət bazar olacaq. Bir kişi bir qadınla birlikdə olmaq istəyəndə, dərhal ola biləcək. Hurilər öz ilahi saflıqları ilə “bizlər ən gözəl hurilərik və şərəfli ərlərimizə məxsusuq” deyə nəğmələr oxuyacaqlar.” Mənbə: Al Ghazzali, "Ihya Uloom Ed-Din (The Revival of the Religious Sciences) Vol. 4" (archived), Death and Subsequent Events 430.

İbni Kəsirin Təfsirinde , Əl-Suyuti tərəfindən də Majaha istinad olunaraq verilən səhih bir hədisdə isə deyilir: “Daim bakirə olan bu qızların “şəhvət oyandıran cinsi orqanları” olacaq, cənnətlə mükafatlandırılan kişilərin “orqanları əsla yumşalmayacaq. Daim bərk və dik qalacaq”. Mənbə: Al-Suyuti, Al-Itqan fi Ulum al-Qur'an, p. 351.
"Əbu Umamə: Rəsulullah buyurdu ki, Allahın cənnətinə qəbul etdiyi kişilər 72 qadınla evləndiriləcəklər. Bunlardan ikisi hurilər, qalanları isə cəhənnəmdəkilərdən qalan qadınlardır (cəhənnəmə gedənlərin subay qalan arvadları). Qadınların hamısı şəhvət dolu cinsi orqanlara malik olacaq, kişilərin bərkliyi isə daimi olacaq”. Mənbə: İbni Mace, Zühd 39.

Bu cür mənbələr və hədislər saysız-hesabsızdır. Ancaq çox uzunçuluq edib başağrısı vermək istəmirəm. Zənnimcə, məsələnin mahiyyətini anlamaq üçüb bunlar da yetərlidir və kim istəsə daha geniş araşdırma apara bilər.

Kimsə Qurandakı ayələrin düzgün şərh olunmadığını, bu hədislərin təhrif olunduğunu, yaxud doğru izah olunmadığını söyləyə bilər. Ancaq fakt budur ki, bu cür söhbətlərə dini kitablarda və söhbətlərdə addımbaşı rast gəlinir. Normal dünyəvi təhsildən məhrum, ağlında və dərrakəsində əskiklik olan insanların bu cür təsirlərə düşməsi günümüzün acı gerçəkliyidir.

Təəssüflər olsun ki, hər birimiz istənilən an – metroda, qatarda, avtobusda yol gedərkən, bazarda-dükanda, marketdə alver edərkən, kinoya, teatra, futbola baxarkən, hətta evimizin içində bu dəhşətli cəhalətin, nadanlığın və qəddarlığın qurbanına çevrilə bilərik!

Allah qorusun!