“A kişi, mən özüm də diriyəm...”- - Bakıda səhər belə açılır

a-kisi-men-ozum-de-diriyem-
Oxunma sayı: 4878

Bir şirin nağıl başlar, ey günəş, oyan...


Bəlkə də, saatın zəngini söndürüb 5-10 dəqiqə mürgü döyənlər səhərin açılmasını həsrətlə gözləyənlərdən daha çoxdur. Hər səhər tez-tələsik hazırlaşıb gecikməmək təlaşı ilə özümüzü işə çatdırırıq. Çox vaxt başımızı belə qaldırmadığımız küçələrdən işə necə gəldiyimizin, demək olar ki, heç fərqinə də varmırıq. Ancaq şəhər ətrafında, xüsusilə də, sıx binalar yerləşən məhəllələrdə hər səhər ayrı bir aləm yaşanır. “Qafqazinfo”nun əməkdaşları bu səhər məhəllələrdə dolaşıb və hər gün yanından ötdüyünüz, baxıb görə bilmədiyiniz “səhər adamlar”ını sizə təqdim edir.

Xlor var, xlor. Moruq, çiyələk..

Elə məhəlləyə təzə daxil olmuşduq ki, qarşımıza əllərində moruq vedrələri ilə danışa-gülə gələn iki balaca oğlan çıxır. Fotoaparatı görüb utanan uşaqlar yanımızdan tez ötməyə çalışırlar. Birtəhər razı salıb 2-3 kəlmə söhbətləşirik. Öyrənirik ki, bu iki qardaş hər səhər moruq, çiyələk satmaq üçün məhəllələri dolaşır. Danışdığımız yaşılgözlü uşaq utandığını deyib uzaqlaşan böyük qaraşı Azəri nə qədər çağırsa da, Azər gəlmir ki, gəlmir. Dərslərində uğurlu olduğunu deyən oğlan səhərdən 2 vedrə moruq satıb: “Səhərdən 2 vedrə moruq satmışam, qardaşım isə 5 vedrə. Onun 12, mənim 10 yaşım var. Hər səhər 9-da əllərimizdə moruqla düşürük həyətə, məhəllələri gəzirik, yorulanda da vedrələri səkiyə qoyub otururuq. Sata bilirik, yaxşıdır”. Balacadan çiyələk də almağa razılaşıb şirin söhbət edirdik ki, qardaşı talış dilində nəsə dedi. Nə dediyini başa düşməsək də, əsəbiləşdiyi hiss olunurdu. Qardaşının sözündən sonra uşaq vedrələri götürüb tez gözdən itdi...

Kim sevirsə idmanı bir, iki...

Gedən uşaqların ardınca baxanda gözümüzə səhər idmanı edən bir gənc sataşdı. Biz necə şəkil çəkək ki, qəhrəmanımız hirslənməsin deyə plan qurduğumuz vaxt cavan oğlan özü bizi səsləyib, bir neçə poza da verdi. Sözlərinə görə, işçilər burada idman etmək üçün yer hazırlayıb. O da hər səhər tezdən gəlib burada məşq edir. Söhbətimiz əsnasında arxada göyərçinləri yemləyən dayının bizə baxıb gülümsəyirdi. Yaxınlaşdığımız zaman fotoqrafımız daha gözəl kadr tuta bilsin deyə bir hay salıb göyərçinləri də uçuran dayı hər səhər bu quşları yemlədiyini, özü baxdığını dedi.

- Balıq təzədir?

- Ay xala, görmürsən diridir?

-A kişi, mən özüm də diriyəm, soruşuram səndən balıq təzədir?

Balıq satan gördüyüm zaman ilk ağlıma gələn şey “Qulp” verilişinin bir zaman reklam rolikini bəzəyən bu söhbət olur. Çünki mən də hər dəfə balığın təzəliyi ilə bağlı verdiyim suala eyni cavabı alıram. Dayı Ələtdən gətirdiyi balıqlarını bir-bir çıxarıb göstərdi. Dediyinə görə satışı da pis getmir: “Bax, bu məhəllələrdə hamı məni yaxşı tanıyır. Ona görə də, satışım pis olmur. Bu iki torba ilə gəlirəm, gedəndə də hamısını satmış oluram”.

Dayı ilə “balıq var, balıq” deyə qışqıra-qışqıra küçənin başına çatdıq. Yol kənarı ilə düzülən taksi sürücülərindən biri bizə baxıb “məni də belə çək” dedi. Sonra tez əlavə etdi ki, qəti sayta zada qoymayın ha, evdəkilər uşaqları mənlə qorxudur, deyirlər ki, bax dayı gələcək ha.. Dayının dediyinə görə səhərdən hələ bir “müştəri”si olmayıb. Səhər burada sürücülərlə yığışıb söhbət edib sərnişin gözləyirlər.

 

Yaxınlıqda iki nəfərin başı şahmat oyununa yaman qarışdığı üçün mane olmaq istəmədik. Əvvəlcə nərd oynadıqlarını zənn edib yaxınlaşsaq da, şahmat taxtasını və taxtanın üstündəki şahə qalxmış atları görüb sadəcə şəkillərini çəkib parka doğru yönəldik.

Hər səhər o başdan təbiət sevgisi

Uzaqdan əlində süpürgəsi ilə bizə baxan xala diqqətimizi çəkir. O, uzaqdan bizi izləsə də, danışmaq istəmədiyini dedi.

Küçənin təmizlik işləri ilə məşğul olan xanımdan gözümüzü çəkən kimi bu dəfə gülləri suvaran qadını gördük. Onun süpürgəçi olduğunu düşünsək də, bir az söhbət etdiyimiz zaman xala Yaşıllaşdırma idarəsində işlədiyini deyir. Əsl ixtisası bağça müəlliməliyi olan bu qadının təbiət sevgisi onu bu işə cəlb edib: “Sübh tezdən işim başlayır. Bağça müəlliməliyini bitirmişəm, diplomum evdə durur. Mən təbiəti çox sevirəm, ona görə də işimdən zövq alıram. Hər səhər oyananda gül çiçəklə olacam deyə sevinirəm. Belə deyək, təbiət mənim üçün hər şeydir”.

Əvvəldə qeyd etdiyim kimi hər səhər gördüyümüz küçələr, rastlaşdığımız insanlar bir az daha diqqətlə baxdığımız zaman gözümüzdə dəyişir, doğmalaşır. Artıq 5 dəqiqə ərzində tələsik ötdüyümüz boz küçələrdə əlavə rənglər görməyə başlayırıq. 

Günel Hacı

Fotolar: Nuran Məmmədov

“Qafqazinfo”