“Abbas Bağırovun qarajını mənə 10 min manata satıb”

abbas-bagirovun-qarajini-mene-10-min-manata-satib
Oxunma sayı: 1282

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hazırda həbsdə olan zərərçəkmiş Maman Nadirova ifadə verərək deyib ki, barəsindəki cinayət işinə xitam verilməsi üçün Orxan Mehrəliyevə 3500 manat verib: “Dedi Daxili Qoşunlarda vəzifəli tanışı var, bu işi həll edəcək. Abbas Bağırovun toy günü Orxan mənə zəng edib dedi ki, həmin vəzifəli şəxs toydadır və onunla danışıb mənim işimi həll edib. Mən də ona inandım. Amma işim həll edilmədi, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildim”. 

Digər zərərçəkmiş Emil Qurbanov deyib ki, təqsirləndirilən Orxan Mirəliyev müğənni Abbas Bağırova məxsus olan qarajı ona 10 min manata satıb: “Sənədlər Orxanın adına idi, pulu da elə ona verdim. Sonra Abbasla danışanda bildim ki, qaraj onundur. Pulumu geri ala bilmədim, amma şikayətçi deyiləm”. 

Hakim bildirib ki, Abbas Bağırov məhkəməyə ərizə göndərərək ona dəymiş zərərin ödənildiyini, O.Mirəliyevdən şikayətçi olmadığını bildirib.

A.Bağırov məhkəmədən xahiş edib ki, proses onun iştirakı olmadan keçirilsin. Məhkəmə martın 5-də davam etdiriləcək.
 
İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 KV/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

Murad Əhməd