Abdin Fərzəliyev Həştərxanda səfərdə - Fotolar

abdin-ferzeliyev-hesterxanda-seferde
Oxunma sayı: 3344

Mayın 17-də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin  abidəsi ziyarət edilib.

Daha sonra səfər çərçivəsində nümayəndə heyətinin Həştərxan vilayətinin rəhbərliyi ilə görüşü baş tutub. 

Görüşdə Azərbaycan tərəfini Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları təmsil ediblər. 

İşgüzar müzakirələrdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Vilayətin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Qubernatorun iqtisadi məsələlər üzrə müşaviri İrahid Mirişov, Həştərxanda Azərbaycan diasporasının rəhbəri Ədalət Hüseynov iştirak ediblər.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. 

Bununla yanaşı görüş zamanı Həştəxan şəhərində inşası tamamlanmış Azərbaycan İş Mərkəzinin açılış mərasimi müzakirə edilib, müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda mərhum prezident Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb,  Knyaz Vladimirin abidəsi ucaldılıbvə “Meçta” uşaq əyləncə şəhərciyi salınıb.

Görüşdən sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə həmin bu layihələrə baxış keçirilib.

Yekunda Azərbaycan İş Mərkəzinə baxış keçirilib, ərazidə aparılan abadlıq və yaşıllaşma işləri ilə yerində tanış olunaraq müvafiq tapşırıq və göstərişlər verilib.