Abdin Fərzəliyev sakinlərin problemlərini dinlədi - Fotolar

Abdin Fərzəliyev sakinlərin problemlərini dinlədi
Oxunma sayı: 1136

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Nərimanov rayonu, Çaykovski  küçəsi 2 və 4 ünvanda rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun bələdiyyə, hüquq- mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 200 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda Abdin Fərzəliyev sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilib, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilib.

Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Sonda icra başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb edib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi