Abidələr üçün pasport

abideler-ucun-pasport
Oxunma sayı: 655

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov bildirib. F. İsmayılov qeyd edib ki, Sovetlər dönəmində Azərbaycanda tarix və mədəniyyət abidələrinin qeydiyyatı səthi aparıldığından hələ o vaxtdan yüzlərlə abidə Dövlət qeydiyyatından kənarda qalıb: Sanki bu ənənənin davamı olaraq müstəqillik illərində belə, bu sahədə çox ciddi problemlərdən biri yenə də son 20 ildə abidələrin qeydiyyatının və pasportlaşdırılmasının aparılmamasıdır. Məhz bu səbəbdən hələ də Azərbaycanda xeyli sayda tarix və mədəniyyət abidəsi Dövlət qeydiyyatından kənardadır və hal-hazırda onların qeydiyyatdan keçirilməsinə heç bir cəhd belə edilmir. Bizim apardığımız araşdırmalara görə, Azərbaycanda qeydiyyatda olmayan abidələrin sayı, qeydiyyatda olan abidələrin sayından iki dəfə çoxdur”.

QHT sədri qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə abidələrin qeydiyyatı, qorunması, mühafizəsi ilə bağlı heç genişmiqyaslı fəaliyyət proqramı işlənib həyata keçirilməyib: “Məhz belə bir fəaliyyətin formamalaşmaması ölkəmizdə abidələrin qorunması və qeydiyyatı istiqamətdə maarifçilik sisteminin olmamasına və bir çox tarix və mədəniyyət abidələrimizin indiyədək Dövlət qeydiyyatından kənarda qalmasına səbəb olub”.

F. İsmayılov bildirib ki, tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi və istismarı sahəsindəki ən böyük problemlərdən biri Azərbaycanın işğal altında qalan ərazilərdəki milli-mədəni sərvətlərimizdir: “İşğal altında qalan abidələrimizin beynəlxalq təşkilatların vasitəçiliyi ilə mühafizəsinin təşkili günümüzün həlli vacib olan ən aktual məsələlərindən biridir. Təkcə Dağlıq Qarabağ və ona bitişik ərazilərimizdə, bizim təşkilatımızın əldə etdiyi qeyri-rəsmi məlumatlara görə dövlət qeydiyyatından kənarda qalan abidələrin sayı iki mindən çoxdur”.

QHT sədri hesab edir ki, abidələrin qeydiyyatdan keçirilərək pasportlaşdırılması, bir çox abidələr üzərində bərpa və konservasiya işlərinin aparılmasına imkan verər və eləcədə yenicə qeydə alınmış abidələrin mühafizəsini gücləndirər. Lakin Azərbaycanda abidələrin qeydiyyat vərəqələrinin və pasport nümunələrinin indiyədək hazırlanmaması, abidələrinin qeydiyyatının aparılmasına ciddi maneə yaradır.