ABŞ demokratik və iqtisadi islahatlara dəstək verəcək

abs-demokratik-ve-iqtisadi-islahatlara-destek-verecek
Oxunma sayı: 639

Yüksək rütbəli diplomat Bakıdakı danışıqlarına prezident İlham Əliyevlə keçirdiyi görüşlə başlayıb. ABŞ-ın Bakıdakı səfirliyindən bildirildiyinə görə, o, xarici işlər naziri Elmar Məmmədyarov və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşüb. Lakin siyasi partiya liderlərinin amerikalı diplomatla görüşü proqrama daxil edilməyib. Səfərin yekunu ilə bağlı Berns ancaq xəbər agentliklərinin nümayəndələrinin dəvət edildiyi qısa brifinq keçirib və bəzi açıqlamalar verib.

Xəbərlərə görə, o bildirib ki, ABŞ Azərbaycanın mühüm və uzunmüddətli tərəfdaşı olaraq qalır. U. Börns Azərbaycanın nəhəng potensiala malik ölkə olduğunu vurğulayıb. O, həmçinin Vaşinqtonun Azərbaycanla ekstremizmə qarşı mübarizə və enerji marşrutlarının diversifikasiyası üzrə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib. Dövlət katibinin müavini deyib ki, İlham Əliyevə Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib.
Dövlət katibinin müavini görüşdə demokratik islahatların gücləndirilməsinin vacibliyini vurğuladığını da açıqlayıb. Həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüyünü qeyd edib: “Mən onların ideyaları ilə bağlı fikir mübadiləsi aparmaq istəyirdim”.
Diplomat deyib ki, Bakıda rəsmilərlə görüşlərində əsas diqqət Qarabağ münaqişəsinin nizamlanmasına yönəlib. “ABŞ ən yüksək səviyyədə - prezident səviyyəsində ATƏT-in Minsk Qrupunun apardığı prosesi gücləndirmək və yeniləmək üçün əlindən gələni etmək işinə sadiq qalır” deyə, Börns bildirib. Diplomat vurğulayıb ki, ABŞ Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və uzunmüddətli həlli üçün aparılan işləri davam etdirməyə hazırdır. O, münaqişənin hərbi yolla həllinin olmadığını deyib: “Münaqişə ilə bağlı mövcud ”status-kvo" uzun müddət davam edə bilməz. Ona görə də ABŞ bu məsələyə təxirəsalınmaz məsələ kimi yanaşır".
Diplomat məlumat verib ki, gələn həftə Minsk Qrupu həmsədrləri münaqişə bölgəsinə səfər edəcəklər. Amerikalı diplomat Azərbaycanda demokratiya və insan hüquqlarının durumuna toxunub. Müxalif fəallara çıxarılmış həbs hökmləri ilə bağlı sualı cavablandıran qonaq deyib: “Biz bu məsələlərlə bağlı narahatlığımızı ifadə etməkdə davam edirik. ABŞ Azərbaycan xalqının dərin inamına əsaslanaraq deyir ki, qanunun aliliyi gücləndirilməli, ümumbəşəri dəyərlərə, insan hüquqlarına hörmətlə yanaşılmalı, güclü demokratik təsisatlar yaradılmalıdır. Görüləsi işlər çoxdur. ABŞ keçmişdə olduğu kimi, demokratik və iqtisadi islahatlara öz dəstəyini davam etdirəcək”.
U.Börns Bakıya səfərini baş vuraraq Tiflisə yola düşüb. Oradan isə onun Ermənistana gedəcəyi bildirilir. Xatırladaq ki, U.Berns Bakıda ötən ilin fevralında da səfərdə olub. Onun rəsmilərlə danışıqlarına dair məxfi teleqram WikiLeaks saytı tərəfindən yayılmışdı.

musavat.com