ABŞ İrandakı səfirliyinin ünvanı açıqladı

abs-irandaki-sefirliyinin-unvani-aciqladi
Oxunma sayı: 638

Virtual səfirlik bu internet ünvanlarında yerləşir: iran.usembassy.gov; persian.iran.usembassy.gov; tehran.usembassy.gov.

Oktyabrın 26-da “Amerikanın səsi”nin fars redaksiyasına açıqlama verən Hillari Klinton İran xalqı ilə əlaqə saxlamaq üçün Tehranda internet vasitəsilə virtual səfirlik açacaqlarını bəyan etmişdi.

ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildən kəsilib. Həmin il İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin tərəfdarı olan bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək 52 amerikalı diplomatı girov götürüb.

“Media forum” saytının məlumatına görə, dekabrın 6-da ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İran xalqı ilə birbaşa əlaqə saxlamaq artıq mümkün olub: “Müasir texnologiyadan faydalanaraq İranla ABŞ vətəndaşları arasında əlaqə saxlamaq artıq mümkündür. Bu virtual mühit İranla ABŞ vətəndaşlarının siyasət və mədəniyyət sahəsindəki dialoqu üçün yaradılıb”.

Dövlət katibi həmçinin saytı izləyən iranlılardan istəyib ki, “Twitter” və “Facebook” şəbəkələri ilə sayt haqqında fikirlərini bildirməklə İranla Amerika xalqları arasında əlaqələrin asanlaşdırılması yolları barədə təkliflərini irəli sürsünlər.

ABŞ dövlət katibinin müavini Vendi Şerman jurnalistlərə bildirib: “Biz İran xalqı ilə birbaşa əlaqə saxlamaq istəyirik. Biz istəyirik bütün İran xalqı, o sıradan iranlı gənclər bilsin ki, ABŞ onlara və onların mədəniyyətinə dərindən hörmətlə yanaşır”.