ABŞ senatına Azərbaycanlı namizəd

abs-senatina-azerbaycanli-namized
Oxunma sayı: 643

Biznesmen, universitet professoru, müəllif Söhrab Sübhani və ya Amerikasayağı desək, Rab Sobhani ABŞ-ın Kanzas şəhərində doğulsa da, İranda boya-başa çatıb. 1979-cu il İran İslam inqilabından sonra tale Sübhanilər ailəsini yenidən ABŞ-a gətirir. Həyatının əksər hissəsini okeanın o tayında keçirsə də, doğma Azərbaycan dilində səlis danışması diqqətimizdən yayınmır.

Senatlığa namizədliyini irəli sürən azərbaycanlı Rob Sübhani : “Vallahi, sözün düzü, gərək nənəmə minnətdar olam. Düzdür, 1990-cı ilin yanvarından gedib-gəlirəm Azərbaycana və bu mənə böyük kömək edib”.

2012-ci il Rob Sübhaninin həyatında mühüm il oldu. Nüfuzlu Corctaun universitetinin professoru, siyasi təhlilçi, eyni zamanda, azad sahibkar kimi çalışan həmyerlimiz bu il siyasi karyeraya baş vurdu.

Sakini olduğu Merilənd ştatının senatoru seçilmək üçün Sübhani hazırki senator, hakim Demokratlar partiyasının nümayəndəsi və Respublikaçıların namizədi ilə mübarizə apardı. Siyasətdə yeni sima olmasına baxmayaraq, Sübhani rəqiblərini bir çox məsələlərdə üstələyərək, 400 mindən artıq səs toplaya bildi. Bəs Sübhaninin mənşəcə İrandan olması onun qalib gəlmək imkanlarını təsirləndirdimi?

Senatlığa namizədliyini irəli sürən azərbaycanlı Rob Sübhani : “Vallah sözün düzü, mən Amerikada anadan olmuşam və bütün ömrüm boyu Amerikada olmuşam. Atam-anam Təbrizdə anadan olublar, amma o fakt heç vaxt təsir etmədi. Mənim atam-anam hardan olublar. Əksinə, camaat maraqlanırdi ki, mən senator kimi hansı addımlar ata bilərəm və Amerikanın maraqlarına necə müsbət təsir edə bilərəm. Maraqlanırdılar ki, Amerika-Azərbaycan münasibətləri inkişaf etsə, bu, iqtisadiyyata necə kömək edə bilər.

R.Sübhaninin rəqiblərini qıcıqlandıran amillərdən biri onun öz təbliğat kampaniyasına digər namizədlərin hamısından çox, 4,6 milyon dollar xərcləməsi olub. Maraqlıdır ki, bu məbləğin təqribən 3.6 milyonunu həmyerlimiz özü yatırıb. Həmsöhbətimizdən öz sərvətini kampaniyaya xərcləməsindən peşman olub-olmadığını soruşduqda belə cavab verdi: “Yox, heç. Əslində çox fəxr edirəm ki, bu işi gördüm. Düzdür, qalib gəlmədik, amma təcrübə qazandım, gələcəyin kökünü qoymuşam. 2 ildən sonra mən istəsəm, adımı verim, qubernator və ya senator, bunun üçün, şübhəsiz ki, dayaq var. Təxminən 420 min adam mənə Merilənd ştatında səs verib. Bu, böyük nailiyyətdir”.