Abşeronda şagirdlərlə görüş keçirilib - Fotolar

abseronda-sagirdlerle-gorus-kecirilib
Oxunma sayı: 1389

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək abşeronlu şagirdlərlə bu gün görüş keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil işçiləri, gənclər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən İ.Gülməmmədova uşaqların inkişafında “Ölkəmizi tanıyaq” layihəsinin mühüm rolundan söz açıb. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən bu tur-aksiyalar gözəl nəticələr verməkdədir. Onun sözlərinə görə, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır”. RİH başçısı əlavə edib ki, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, bu vaxta qədər rayon üzrə 400 məktəbli iştirak edib.