Abşeronda“ASAN könüllü”lərə sertifikatlar verildi

abserondaasan-konullulere-sertifikatlar-verildi
Oxunma sayı: 1123

Bu gün Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar verilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli və könüllülər iştirak edib. Respublika ərazisində  baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının  gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədovanın sözlərinə görə, könüllülük hərəkatının inkişafından 3 tərəf bəhrələnir. “Burada 1-ci növbədə könüllü şəkildə iştirak edən şəxsin özü bəhrələnir. O, çalışdığı sahədə böyük təcrübələr əldə edir, özü üçün yeni strategiyalar müəyyənləşdirir. Könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. Bu zaman əldə etdiyi biliklər və təcrübələr iş yeri tapmasında və çalışdığı müddətdə yardımçısı olur. 2-ci bir tərəf isə müəssisənin özüdür. Müəssisə gündəlik fəaliyyətinə könüllüləri əlavə etməklə özünün iş yükünü bir qədər yüngülləşdirmiş olur, gəncləri fəaliyyət sahələrinə cəlb edir. 3-cü tərəf isə vətəndaşdır. Vətəndaş müəssisəyə yaxınlaşdıqda onu elə qapıdaca cavan, gülərüz, işləməyə həvəsli gənc könüllününün qarşılaması, onu lazımi yönə istiqamətləndirməsi və müraciət etdiyi məsələ ilə bağlı köməklik göstərməsi vətəndaş məmnunluğu yaradır. Deməli, “könüllü + müəssisə + vətəndaş” üçbucağı nəticədə tərəflərin səmərə götürməsinə dəlalət edir. Burada başlıca rolu isə məhz könüllülər oynayır”.

Sonda 42 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub.