AccessBank-dan tələbələrə dəstək

accessbank-dan-telebelere-destek
Oxunma sayı: 1253

Martın 13-də UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü və ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "İnnovasiyalı iqtisadiyyatın inkişafı və perspektivləri" mövzusunda tələbə elmi konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC-in "İqtisadiyyat" fakültəsinin dekanı Asiman Quliyev bildirib ki, tədbir çərçivəsində 70-dək tələbənin elmi-tədqiqat işləri təqdim olunacaq. AccessBank bu işlərin çap olunmasını öz üzərinə götürüb. Fakültə rəhbərinin sözlərinə görə, UNEC təcrübəsində ilk dəfə olaraq tələbələrin elmi-tədqiqat işləri bir biznes strukturunun maliyyə vəsaiti hesabına çap edilir: "AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirirəm və dəstək üçün təşəkkür edirəm. Bu addım biznesin digər nümayəndələrinə də mesaj olmalıdır. Bu, onu göstərir ki, biznes elmə yönəlib. Ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaq".

Daha sonra çıxış edən UNEC-in prorektoru Səadət Qəndilova tələbələri aktivliyə səsləyib.

AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bank layihəyə böyük məmnuniyyətlə qoşulub.

Daha sonra tədbir elmi-tədqiqat işlərinin təqdimatı ilə davam edib. Təqdimatlardan sonra bir neçə bölmədən müvafiq olaraq I, II və III yerləri tutan 25 tələbə mükafatlandırılıb. Onlara UNEC tərəfindən sertifikatlar və AccessBank tərəfindən N. Qreqori Mənkyunun "Ekonomiskin əsasları" kitabı hədiyyə olunub. Bununla yanaşı, AccessBank fiziki məhdudiyyəti olan 6 tələbəyə xüsusi hədiyyələr təqdim edib.

Həmçinin, konfransdakı hər bir tələbəyə iştirak sertifikatı verilib.