“AccessBank”ın rəhbərliyində dəyişiklik olub

accessbankin-rehberliyinde-deyisiklik-olub
Oxunma sayı: 1895

Ötən gün AccessBank-ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək.

“Qafqazinfo”nun məlumatına görə, Anar Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb  və  baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.

Ölkənin ən təcrübəli bankirlərindən olan cənab Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A. Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib. Cənab Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub.