Acından ölən adamın ədəbazlıq etməsi

acindan-olen-adamin-edebazliq-etmesi
Oxunma sayı: 2383

Seymur Verdizadə

Şam edəcəyimiz restorana yaxınlaşanda, dostum maşının sürətini bir qədər azaltdı: “Səni çox yormaq istəmirəm. Qoşa xətti tapdalayıb keçəcəm”.

Əlimi ehtiyyatla onun çiyninə toxundurdum: “Xahiş edirəm, qaydanı pozma”.

Nihad təəccüblə üzümə baxdı: “Qoşa xətti tapdalamağın cəriməsi 60 manatdır. Narahat olma, lap 160 manat da cərimə ödəməyə imkanım çatır”.

Dostumun təvazökarlıq etməyinə baxmayın. İstəsə, gündə 360 manat da cərimə ödəyə bilər. Amma bu cür davranış dünyagörüşümə zidd olduğu üçün səsimin tonunu bir qədər qaldırdım: “Öz yolunla sür!”

Biz təxminən 300 metr də məsafə qət edəndən sonra dairənin başına dövrə vurub, geri qayıtdıq. Bu vaxt bir taksi sürücüsü qoşa xətti tapdalayıb keçdi. Dostum özünü saxlaya bilmədi: “Taksi “şofer”i qədər də ürəkli ola bilmədik”.

Cəmi on-on beş metr getmişdik ki, yolun solunda dayanan köhnə “QAZel”in arxasından çıxan cavan DYP əməkdaşı maşını saxlaması üçün taksi sürücüsünə işarə verdi. Nihaddan xahiş etdim ki, münasib bir yerdə dayansın. Jurnalist dostunun yeni mövzu tapdığını başa düşən Nihad dərhal xahişimə əməl etdi. Digər dostlarımızın restoranda bizi gözləməyinə baxmayaraq, təxminən 10 dəqiqə taksi sürücüsünün necə dil tökdüyünü, hətta boğazını çəkib, uşaq kimi yol polisinə yalvardığını müşahidə etdik. DYP əməkdaşı onun yalvarışlarına məhəl qoymayıb, protokol yazmağa başlayanda, yolumuza davam elədik...

Azərbaycanda digər peşə sahibləri kimi, taksi sürücülərinin də çörəyi daşdan çıxır. Onlar evə əliboş getməmək üçün səhərdən-axşama kimi çalışır, tər tökür, min bir əziyyətə qatlanırlar. Yanacağa verdikləri pulu və digər xərcləri çıxandan sonra gündəlik qazancları 30 manatı keçmir. Buna baxmayaraq, tez-tez yol hərəkəti qaydalarını pozur, külli miqdarda cərimə ödəməli olurlar. Ötən gün gözümüzün qabağında qoşa xətti tapdalayan gənc sürücü ən azı iki gün evinə suyu süzülə-süzülə gedəcək. Niyə? Çünki ədəbazlığından əl çəkmir...

Qudurğan, ədəbaz məmur övladları haqda çox yazmışam. Amma bəzən öz qohumlarımın, dostlarımın elə hərəkətini görürəm ki, əlim üzümdə qalır. Məhərrəm ayı başlamamışdan iki gün əvvəl yaxın qohumlarımdan birinin toyuna getmişdim. Yanımda kənddə qonşumuz olan bir kişi oturmuşdu. Yaşı çox olmasa da, ailə qayğıları qəddini əymiş, saçlarına vaxtından əvvəl qar ələnmişdi. Söhbət əsnasında məlum oldu ki, Xırdalanda tikintisi hələ başa çatmamış göydələnlərin birində gözətçi işləyir. Etika xatirinə necə dolandığını soruşanda, məzlum görkəm alıb, belə dedi: “Gecə səhərə kimi oyaq qalıram, cəmi 10 manat pul verirlər”.

Köhnə qonşumun halına acıdığım üçün masadakı naz-nemətdən onun boşqabına yığdım, qulluğunda dayandım. Adam üç-dörd qədəh araq içəndən sonra əlini cibinə salıb, bir “10-luq” çıxardı. Yavaşca qulağına dedim ki, narahat olma, ofisiantın pulunu özüm verəcəm. Arıq çiyinlərini yuxarı qaldırıb, üzümə bozardı: “Mənim işimə qarışma!”

Sərxoş adamlara heç vaxt baş qoşmadığım üçün onun sözlərini bu qulağımdan alıb, o biri qulağımdan verdim. Qonşum isə bir az əvvəl cibini eşələyib, güc-bəla ilə tapdığı pulu bir müddət əlində saxladı, sonra havada yellətdi, nəhayət, hamının gördüyünə əmin olandan sonra ofisiantın ovcuna basıb, yüksək səslə dedi: “Adama bir stəkan limonlu çay gətir!”

Həmin gün başqa toya tələsdiyim üçün qonşumun yuxusuz gecələrinin bəhrəsi olan limonlu çay içə bilmədim...