Ad çəkin, rüsvay edin...

ad-cekin-rusvay-edin
Oxunma sayı: 727

Raminə Eyvazqızı

Ölüm xəbəri, faktı var, olacaq da. Amma səhiyyə ocaqlarındakı ölüm xəbərlərinin çoxu normallıqdan çıxıb. Həkim pasiyent münasibətlərindəki küskünlük, düşmənçilik həddini aşıb.

Hazırda güllük-güllüstanlıqda hovuzda sərinləyən çox(!)  millət vəkilinin yay tətili davam edir. 3000 manatdan çox cib xərcliyi alan deputatlarımızın illərdir ləngitdiyi pasiyent və həkim hüquqlarına dair qanun layihəsi qəbula yazılıb, gecikir. Belə bir qanunvericilik olmadan icbari tibbi sığorta haqqında agentliyi işə salıblar, camaat sağlamlaşdırılacaq ya "sağılacaq" sual altındadır. Amma  deyilənə görə, səhiyyə islahatları tam qazı ilə davam edir. İnsanlar ayağı ilə həkimə gedib meyiti ilə oradan çıxır, baş verənlər barədə araşdırmalarsa ya yoxdur, ya da heç kəsə ölüm xəbəri qədər cazibəli gəlmir. Platonik istintaqlar davam edir.

Baş verən ölüm hallarında xəstənin vəziyyətinin təqsiri qədər həkim təqsiri də olur, bu mübahisəsizdir. Hamı həkimin cəzasını Allaha tapşırıb. Elə bilirlər ki, səs çıxarıb taleləri ilə barışsalar, sonuncu qurban olmaqla tarix yazacaqlar. Hardadı o tarix? Mən axı hardan bilim ki, sabah küçədə oynayan övladım onunla eyni yaşda olan qolu sınmış mərhum Seymur bala kimi tək qolundan yox, canından olacaq? Adam qanitirmədən ölər amma yanlış verilən qandan ölməz (sonuncu hamilə qadın ölümü kimi), ağır yaralanmadan o dünyaya köçər, lap cərrahdan asılı olmayan səbəbdən ömürlük yatar, amma  bu qədər adam narkozdan keçinməz. Az qala anesteziyanın (ilk anesteziya 1842-ci ildə olub) banisi  amerikalı həkim K.Lonqun görüna söydürələr.

Anestezioloqlarımız  cərraha macal vermirlər ki, xəstəyə müdaxilə etsin. Ölkənin bu boyda anestezioloq ordusu var, niyə susurlar?  Nə üçün narkozdan ölən insanların ölüm səbəbi deyilir, əsas səbəblər gizlədilir. Tibbi avadanlıqdırmı, istifadə olunan dərmalardırmı, ya səhhəti tam müayinə olunmayan insandırmı ölüm səbəbi? 9 yaşlı uşağı sınıqçıya yox, həkimə aparan valideynmi başına döyməlidir? Hələ ki, anestezioloq  Nizaməddin həkimin uşaq ölümünə səbəb olması barədə səs yoxdur! Yenə araşdırma, yenə nağıl. 

***
May ayında 26 tibb bacısı işçisinin diplomunu Səhiyyə Nazirliyi özü saxta çıxardı. Saxta diplom verənin cəzası olmadı, onu gəzdirənlər işdən çıxarıldı. Bu sadəcə 5 aylıq monitorinq idi, indi görün ilboyu araşdırma olsa, bizi nələr gözləyər. Nazirliyin bu məlumatı belə açıqürəklə yayması onu göstərir ki, vəziyyət həqiqətdə bərbaddır. Tibb bacısı tanıyıram ki, baş həkimdən savadlı, tibbi mənada tədarüklüdür. Xalatı yüz dəfələrlə yuyulmuş, asılmış və qurudulmuş həkimlər var ki, əməliyyatda elə bir səhv buraxır ki, xəstə həyata bir də geri qayıtmır. 

Həkim qurbanı olmamaq üçün özəl xəstəxana koridorlarında gözləmək də ağılsızlıqdır. Reklamı gedən həkimin qəbuluna yazılmaq ürək rahatlığı verə bilməz . Ölkədə həkim reklamı qida, məişət əşyası məhsullarını qat-qat üstələyib. Amma aralarında mütəxəssis, savadlı tibb işçisi çox azdır. Jurnalistin reket forması olursa, bəs həkimin niyə reketi olmasın? Biz hec olmazsa, öz naşı həmkarlarımızı ara-sıra tənqid edirik. Baxmayaraq ki, fəaliyyətimizdə ölüm halına səbəb olan məqam yoxdur. Həkimlər niyə öz həmkarlarının səhvləri barədə susurlar? Deyəni də anonimliyi qoruyur. Ad çəkin, rüsvay edin, biliyinizi ortaya qoyun! Sizədəmi, narkoz veriblər? Bəlkə hipnoz ediblər? Bu vəzifəni də dövlət üstünə atmayın! Süküt və cəzasızlıq davam etdikcə, həkimlər də haqlı-haqsız döyüləcək, xəstələr də sağalmayacaq!