“Adamı abırsız bir vəziyyətə salırlar” - Tahir Kərimli

adami-abirsiz-bir-veziyyete-salirlar
Oxunma sayı: 1904

Deputat Tahir Kərimli parlamentin bu gün plenar iclasında  dövlət məmurlarının və deputatların Kütləvi İnformasiya Vasitələrində təhqir hədəfinə çevrilməsindən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə bu məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını zəruri sayır: “Onların yeri gələndə cəzalandırılması məsələsinə baxılmalıdır. Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir.  Heç  biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın.  Bizdə ciddi jurnalistlər var.  Uzun müddət tanıdıqlarım da var.  Onlar işlərinə vicdanla yanaşırlar. 

Axşam Azərbaycan televiziyasında  bizim komitə sədrlərindən biri feysbuk şəbəkəsindəki iyrəncliklərindən haqlı olaraq bəhs etdi. Sanki  bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini  uşaqlıqdan öldürməklə məşğuldurlar. Bunlar azmış kimi dövlətin parlamentini gözdən salırlar.  Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də  qanunda  bu məsələyə  baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Ailə  tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimiz küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər.  Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Spikerin hətta Əhliman Əmiraslanova dediyi “deyəsən, dərmanın dozası yüksək oldu” fikrini də çevirib mənə qarşı deyirlər. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər”.

Buna cavabında Oqtay Əsədov qeyd edib ki, bəzən iclaslarda  çıxış edən deputatların fikirlərini kontekstdən çıxarıb yayırlar. “Xahiş edirəm ki, bu məsələdə diqqətli  olun. Kontekstdən söz çıxarmaq lazım deyil”.

Günel Türksoy