Adamı qaz kimi yolanda...

adami-qaz-kimi-yolanda
Oxunma sayı: 2707

Seymur Verdizadə

Müşahidələr göstərir ki, ABŞ dollarının qiymətinin hər gün 2-3 qəpik artması yay tətilini xaricdə keçirməyə hazırlaşan azərbaycanlıların qərarına təsir etməyəcək. Yayda xaricdə dincəlmək istəyən tanışlarımın əksəriyyəti təyyarə biletini çoxdan alıb.

Üz tutduqları xarici ölkələrdə qalacaqları otellərin adlarını dəqiqləşdirən, o cümlədən, baş çəkəcəkləri tarixi məkanların siyahısını tərtib edənlər də az deyil. Təəssüf ki, azərbaycanlılar bir il ərzində qəpik-qəpik topladıqları pulları yenə Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya və turistlərə nisbətən ucuz xidmət göstərən digər Avropa ölkələrində xərcləyib, əcnəbi iş adamlarının rifah halının daha da yaxşılaşmasına töhfə verəcəklər.

Heç kimi qınamaq olmur. Zaman keçdikcə pul qazanmaq daha da çətinləşir. İnsanlar min bir əziyyətlə qazandıqları pulları havaya sovurmaq istəmirlər. Yerli iş adamlarının əksəriyyəti turistlərə pul kisəsi kimi baxır. Hamı turisti qaz kimi yolmaq istəyir. Bunun nəticəsidir ki, Azərbaycanın turizm obyektlərində qiymətlər Türkiyə və Gürcüstandan iki, Ukraynadan dörd dəfə bahadır. Qəbələdə bir həftədə xərclədiyin pulla Antalyada iki həftə kef edərsən. Bir neçə gün əvvəl sosial şəbəkələrdə bu barədə müzakirə gedirdi: Novxanıda fəaliyyət göstərən otellərdə ən ucuz otağın qiyməti 130 manatdır. Quba, İsmayıllı, Qəbələ, Şəki, Qaxda da qiymətlər “od tutub yanır”. Nisbətən ucuz sayılan otellərdə isə şərait pisdir. İsti su gələndə soyuq su tapılmır, soyuq su olanda isə isti suya həsrət qalırsan...

Havalar yenicə isinməyə başlasa da, bir neçə rayonda vəziyyətlə yerində tanış ola bilmişəm. Görünən odur ki, şimal bölgəsində bu il də bahalıq olacaq. Bakı-Quba yolunda “Qədim Bakı” adlı bir kafe fəaliyyət göstərir. Ötən həftə qəlyanaltı edəndə bu kafedə bir yumurtanı bizə 2 manata satdılar. Sizcə, bundan sonra hansı turist orda yemək yeyər? Özümə söz vermişəm: nə vaxt şimal bölgəsinə yolum düşsə, “Qədim Bakı”nın yanından keçəndə gözlərimi yumacam...

Qubada Qəçrəş adlanan ərazidə “Aynur” adlı bir otel var. Beş-altı gün əvvəl nahar etmək üçün bu otelin qarşısında maşından enəndə binanın üstündəki “ulduzlar” gözlərimi qamaşdırdı. Gözdən-könüldən uzaqda yerləşən bu otelin nə vaxt fəaliyyətə başladığını, Azərbaycanda turizmin inkişafına hansı töhfələr verdiyini bilmirəm. Bildiyim odur ki, “Aynur” yaxasına 4 ulduz “taxıb”. Orda gecələmədiyim üçün şərait haqda heç nə deyə bilmərəm. Bu otel qiymətlərin bahalığı ilə mənim yadımda qalıb. Həmin gün iki nəfərlik nahar yeməyi üçün bizdən 76 manat aldılar. Onu da deyim ki, nə dostum qarınquludur, nə də mən. Pomidor salatının qiymətinin 3 manat olduğunu öyrənəndə canımızı 76 manatla qurtarmağımıza şükür etdik.

Aydın məsələdir ki, Azərbaycana üz tutan turistlərin əksəriyyəti Bakı şəhərində qalmağa üstünlük verirlər. Bakıda qiymətlərin nə qədər baha olduğunu siz məndən yaxşı bilirsiniz. Amma dərd təkcə bu deyil. Nizami rayonu ərazisində “Yaşıl bağ” adlı bir restoran fəaliyyət göstərir. Təmiz, səliqəli yerdir. Lakin bir problem var. “Yaşıl bağ”da oturanda təkcə özün və qonaqların deyil, həm də ətrafda dolaşan pişiklər üçün sifariş vermək lazımdır. QHT rəhbəri olan bir dostumla 10 gün əvvəl orda şam edirdik. Zavallı dostum kababın dadına baxmaq istəyəndə, ətrafda dolaşan pişiklərdən biri əlindəki tikə ilə yanaşı, onun bir barmağını da qoparıb apardı...

Mən yüksək qiymətin müqabilində aşağı xidməti Bakı-Kürdəmir yolunda fəaliyyət göstərən “Anar” restoranında da görmüşəm. Bəxtimiz onda gətirdi ki, beş il ölkənin ən reytinqli televiziya proqramının eksperti olduğum üçün orda məni tanıyıb, fantastik məbləğ tələb etmədilər. Yoxsa, Bakıya qayıtmağa cibimizdə yolpulu qalmayacaqdı...

Onu da deyim ki, başqa yerlərdə kabab üçün ödədiyiniz pulla Qəbələdə Xanlar əminin restoranında ancaq sup içə bilərsiniz. İki il əvvəl orda bizə necə dağ çəkiblərsə, yeri indi də göynəyir...

Bu qəbildən olan faktların sayını bir qədər də artırmaq olar. Amma məncə, uzunçuluq etməyə ehtiyac yoxdur. Demək istədiyim odur ki, turisti qaz kimi yolanda, o, bir də sizin tərəfə baxmaz...