“Adi hadisəni milli münaqişə kimi qələmə vermək istəyənlər ola bilər” - Deputat

adi-hadiseni-milli-munaqise-kimi-qeleme-vermek-isteyenler-ola-biler
Oxunma sayı: 1003

Fevralın 15-də Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. 

“Qafqazinfo” xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan və Çeçenistan xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: "Bu münasibətləri heç kəs sarsıda biməz, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də sübut olunub ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu. Azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxlayıblar".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərin dərinləşməsinə böyük diqqət göstərir: "Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla, qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var".
Millət vəkili vurğulayıb ki, məişət zəminində hadisəni milli münaqişə kimi təqdim etmək olmaz:

"Elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu, məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur.

Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz lehlərinə kompensasiya etmək üçün bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı, hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik".