Adi sürücülərin turistlərdən gündə 200-300 manat qazanması

adi-suruculerin-turistlerden-gunde-200-300-manat-qazanmasi
Oxunma sayı: 2294

Azər Qismət

Çoxdan tanıdığım təxminən 55-57 yaşlı  kişi mənə iş təklifi etdi. Dedi ki, qəşəng qazanacaqsan, sadəcə əldən iti ol, dilini şirin elə. 

- Çətin deyil. Sənə 3 “Vita” maşınımdan birini verəcəyəm. Kiməsə icarəyə vermək istəmirəm, sındırıb-dağıdacaq maşını. Indi sənə qazanc yolunu öyrədərəm. Orucluqdan sonra turistlərin gəlmə vaxtıdır. Nə vaxta qədər gözünü o kağız-kuğuza zilləyəcəksən, barmaqlarını döyənək edəcəksən.

Belə aydın oldu ki, ingilis və ərəb dillərindən bir az qırıldatmalıyam. “Salam, sağ ol, hara aparım, mən etibarlı adamam, mənə güvənə bilərsiniz” sözlərini dəqiq, səlis deməliyəm. 

- Vizit kartı da düzəltdir, bir az saqqal saxla ki, səni qardaş bilsinlər. Özlərinə doğma görsələr, bura gələndə yenə səni axtarıb tapacaqlar. Başa düş e...Turistlər üçün əsas şərt etibarlı adama rast gəlmələridir. Danışdığın qiymətdən artıq pul aldınsa, daha sənə zəng etməyəcəklər. Bir də öyrən ki, hansı turist nə istəyir, ürəyindən nə keçir. 

Saçları çallaşmış, bu işdə xeyir görəndən sonra bankdan kredit götürüb maşınlar alan kişinin səsi də gurultulu çıxırdı. O, dayanmadan məsləhət verdi, bir sözlə, qaydaları öyrətdi.

Məlum oldu ki, həmin kişi “Vita” maşınını sürüb otelin qarşısında dayanır. Yox, əvvəlcə hansısa barla, ya istənilən əyləncə mərkəzi ilə razılığa gəlir. Razılıq belədir ki, apardığı hər adama görə bar sahibi 10 manatdan pulunu verir. 10 turist aparmısansa, 100, 20 adam aparmısansa 200 manatın var. Durduğun yerdə 200 manat qazanmaq pis deyil. Belə puldan sevinirsən, yenə turistləri həvəsləndirib bara salırsan.  Özü də turistlər içəri girən kimi bar sahibləri sürücülərin pulunu nəqd ödəyirlər ki, inciklik yaranmasın, söz danışıqdan keçər. Verməsələr, ya hansısa formada aldatsalar, sürücü daha ora turist aparmır. Nə çoxdur Bakıda bar, əyləncə mərkəzi. Kim öz xeyrindən qalar. 

İndi keçək otel məsələsinə. Hər bir oteldə yerləşən və ilk dəfə Bakıya gələn turist təbii ki, şəhəri gəzmək istəyir. Qeydiyyat masasına yaxınlaşır ki, maşın çağırsın, amma etibarlı olsun. Otel nümayəndəsi etibarlı sürücülərə zəng edir. Amma niyə də öz adamı ilə əlaqə qurmasın? Təbii ki, öz adamı da etibarlıdır. Deməli, bu kişi həmin otelin qarşısında nahaqdan dayanmırmış. Əvvəlcə otel nümayəndəsi ilə razılığa gəlir ki, “turistlər maşın istəsələr mənə zəng et, görüm-baxm lələşin boynuna”. Sürücü hər turistə görə otel nümayəndəsinə 3 manat verir. İndi sual oluna bilər ki, hər turistə görə bardan aldığı 10 manatın 3-ü ora gedirsə, onda yerdə az qalır ki?! Belə baxanda az qalmır. Ancaq sürücü ödədiyi 3 manatın əvəzini beşqatına çıxır. O, oteldən götürdüyü əcnəbilərə öz vizit kartını verir. Bundan sonra həmin turist daha oteldəki qeydiyyat masasına yaxınlaşıb maşın axtarmır, eləcə tanıdığı sürücüyə zəng edib çağırır. Özü də sürücülər kartlarını verəndə deyirlər ki, nömrəmi bura gəlmək istəyən yerlilərinə də verərsən, deyərsən etibarlı adamdır. 

Bu adi biznes qaydasıdır. Sevindirici hal ondan ibarətdir ki, turistləri aldatmadan qazanmağın yolunu tapırıq. İndi o başqa məsələdir ki, barda hansı qiyməti oxuyurlar, gecə kəpənəkləri hansı qiymətə nazlanırlar. Əsas odur ki, bir-iki sürücünü çıxmaq şərtilə (onlar da isintaqa cəlb edilib) kimsə narazı getmir. Təki turistlər çox gəlsin. Qazanmağın yolunu tapmaq bizdən.