Adnan Oktardan Azərbaycan mediasına məktub

adnan-oktardan-azerbaycan-mediasina-mektub
Oxunma sayı: 6188


Son günlər Azərbaycan mediasının gündəmində olan Adnan Oktar onun haqqında yazılan xəbərlərdən narahatdır. Bununla bağlı “Qafqazinfo”nun elektron poçtuna Adnan Oktarın vəkili Gülcan Karakaş tərəfindən məktub daxil olub. Məktubda Adnan Oktar haqqında «Ruhi xəstə, dindar, yoxsa fırıldaqçı?- Adnan Oktarın həyatı+Fotolar» başlıqlı yazının silinməsini və aşağıdakı təkzib açıqlamasının yerləşdirilməsi tələb edilir. Və həmçinin qeyd olunur ki, “iftira dolu yazıların silinib, təkzib açıqlamasının verilməyəcəyi təqdirdə hüquqi addımlar atılacaqdır”. Sözügedən yazını silmədən qarşı tərəfin cavab haqqını olduğu kimi təqdim edirik. 

Saytınızda bütün dünyada tanınan müsəlman yazıçı, Harun Yəhya təxəllüsü ilə də tanınan cənab Adnan Oktar haqqında əsassız, uydurma məqalə dərc olunmuşdur. Sözügedən məqalə başdan-ayağa təhqir və təqsirləndirmə xüsusiyyəti daşıyan iftiralar, təhriflər və həqiqətdən kənar şərhlərlə doludur. Hər hansı məlumata və ya dəlilə əsaslanmayan, əsassız, həqiqəti əks etdirməyən iddialardan ibarətdir.

Əvvəla, cənab Adnan Oktarın 70 dilə tərcümə edilmiş 300-dən çox əsəri var. Cənab Adnan Oktar Amerikanın Corctaun Universiteti nəzdindəki “Müsəlman-Xristian Dialoqu Mərkəzi və İslami Strategiyalar üzrə Fəaliyyət Mərkəzi” tərəfindən 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən təsirli müsəlmanları arasından seçilmişdir. Sözügedən əsassız məqalənin müəllifi isə cənab Adnan Oktar ilə nə tanış olub, nə də ondan müsahibə alıb.

Cənab Adnan Oktara və yoldaşlarına atılan həqiqətdən kənar iftiraların əsassızlığı bu yazıda sübut olunur və doğru açıqlamalar oxucuların nəzərinə hərtərəfli şəkildə çatdırılır.

Cənab Adnan Oktar və yoldaşlarına atılan cinsi məzmunlu iftiralar əsassızdır

Tanınmış bir şəxsi etibardan salmaq, adını ləkələmək və xalqın gözündən salmaq məqsədilə əl atılan ən klassik metodlardan biri cinsi məzmunlu iftiralar atmaqdır. Sözügedən iddiaların həqiqət kimi qəbul edilməsi üçün bu barədə şikayətçi, zərərçəkən və ya bu iddiaları təsdiqləyən şahid olmalıdır. Ancaq bu iftiranı təsdiqləyən heç bir şahid, şikayətçi və ya zərərçəkən yoxdur. Türkiyə Respublikasının məhkəmələri sözügedən iddiaların hamısını təkzib etmişdir.

İnternet səhifəsində yazılan “gizli kameralar vasitəsilə şantaj və hədələmə” iddialarının da əsassız olduğu qanuni şəkildə sübut edilmişdir. Məhkəmələr və prokurorluqlar tərəfindən ardıcıl verilmiş bəraət qərarları bu iddianın əsassızlığını qəti sübut etmişdir.

1999-cu ildə Elmi Tədqiqat Təşkilatının (ETT) üzvlərinə qarşı keçirilmiş əməliyyat

1999-cu ildə ETT üzvlərinə qarşı 45 evə gecə 03:00-da eyni anda basqın edilmiş, evlərdə səhərə qədər axtarış aparılmış, lakin HEÇ BİR GİZLİ VİDEOLENTƏ,  yaxud qanuna zidd heç bir ünsürə RAST GƏLİNMƏMİŞDİR. KİV-də qanunsuz şəkildə yayımlanan ittihamlar isə ETT üzvlərinə qarşı qaralama kampaniyasının bir hissəsidir.

Sözügedən məqalədə cənab Adnan Oktar və yoldaşlarının 1999-cu ildə keçirilən polis əməliyyatında imzaladıqları uydurma ifadə mətnlərindən bölmələr verilib. Bu ifadələr polis tərəfindən uydurulub və həbsdə saxlanılan şəxslərə təzyiq altında zorla imzalatdırılıb.

Bu iddialara şahid kimi göstərilən şəxslər də polis şöbəsində zorakılıq və təzyiq altında önlərinə qoyulan ifadələri imzalamağa məcbur ediliblər. Bu şəxslər daha sonra polis şöbəsində onlara təzyiq olunduğunu bildirərək hakim hüzurunda onlara aid edilən polis şöbəsindəki ifadələrini qəbul etməyiblər. 

ETT üzvlərinin həbsdə ikən işgəncəyə məruz qaldıqlarına dair 18 ədəd ədliyyə tibbi arayışı var. ETT üzvlərindən Emre Çalıkoğluna işgəncə edildiyi məhkəmə qərarı ilə təsdiqlənmişdir. Bundan əlavə, polis işçiləri 216 il həbs tələbi ilə məhbuslara işgəncə etmək təqsirindən hələ də mühakimə olunurlar.

Cənab Adnan Oktar heç bir dövrdə məsihlik və ya mehdilik iddia etməmişdir:

Cənab Adnan Oktarın heç vaxt məsihlik və ya mehdilik iddiası olmayıb. Yazıçının internet saytlarında, əsərlərində, məqalələrində, söhbət proqramlarında, videolarında mehdilik iddia etdiyinə dair bircə cümləyə də rast gəlmək mümkün deyil. Hətta həyatı boyu əsla belə bir iddia etmədiyi və etməyəcəyinə dair and içmişdir.

Cənab Adnan Oktar camaat lideri, şeyx və ya hoca deyil. Cənab Adnan Oktar bir mütəfəkkir və müəllifdir. Yoldaşları onun “müridləri” yaxud “adamları” deyil, hər biri yetkin, təhsilli, iş sahibi, şəxsi sosial həyatı olan insanlardır. Bu insanların Adnan Oktarı sevməsi və ya fikirlərini dəstəkləməsi camaat olduqları mənasını vermir, sadəcə bir fikir qrupu kimi dəyərləndirilə bilərlər.

Adnan Oktarın xanım yoldaşları ilə bağlı iddiaların əsassızlığı

Sözügedən saytda verilən cənab Adnan Oktarın özünə hərəmxana qurması iddiası da həqiqətlə əlaqəsi olmayan təxəyyül məhsuludur və heç bir dəlilə əsaslanmayan, ictimaiyyətdə qəzəb formalaşdırmaq üçün istifadə olunan cinsi məzmunlu iftiralardan biridir.

Tarix boyu bütün səmimi insanlara, peyğəmbərlərə, elçilərə, Allah yolunda çalışan insanlara bu cür iftiralar atılmışdır. Hz. Yusuf (əs) Quranda bu mövzuda verilən mühüm nümunədir. Xüsusilə dindarlığı ilə tanınan insanlara qarşı bu metoddan istifadə olunur. Cənab Adnan Oktar da dindar insan olduğu və həm özü, həm də ETT üzvləri milli-əxlaqi məsələlərdə həssaslıqları ilə tanınan insanlar olduqları üçün bu insanları ictimaiyyətin nəzərində etibardan salmaq üçün ən asan yol kimi cinsi məzmunlu iftira atmaqdan istifadə olunmuşdur. Halbuki, ortaya atılan “hərəmxana” yaxud “Adnan Oktarın qadınları” kimi cinsi məzmunlu ssenarilər tamamilə əsassızdır.

Bu əsassız iddialar yazımızın əvvəlində də qeyd etdiyimiz ETT üzvlərinə qarşı 12 noyabr, 1999-cu il tarixində keçirilən polis əməliyyatından sonra məhkəmədə də ifadə edilmiş, ancaq bu ssenarilərdə zərərçəkən kimi göstərilən xanımların hamısı iddiaların tamamilə təxəyyül məhsulu olduğunu, ETT üzvlərindən tanıdıqları insanların əxlaqlı, səviyyəli insanlar olduqlarını bildiriblər. Məhkəmədəki bir çox şahid də bunları təsdiqləmişdir.

Cənab Adnan Oktar və yoldaşlarının mənbəyi açıqlanmayan qeyri-qanuni var-dövləti və nəğd pul vəsaiti yoxdur

Sözügedən məqalədə cənab Adnan Oktar və yoldaşlarının maddi qazancları şübhəli göstərilmiş və ETT üzvlərinin guya masonlar tərəfindən maddi cəhətdən dəstəkləndiyi iddia edilmişdir. Türkiyədə 28 fevral prosesi kimi tanınan 1998-2002-ci illərdə dindar kütləyə aid şirkətlər, partiyalar və qrupları qaralamaq üçün buna bənzər iddialar sıx-sıx dilə gətirilmişdir.

Bu iddialara görə, Maliyyə Nazirliyi nəzdindəki Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) cənab Adnan Oktar və yoldaşlarının maddi gəlirlərini hərtərəfli araşdırmışdır. Bütün bu araşdırmalar nəticəsində MASAK tərəfindən hazırlanan və məhkəməyə göndərilən 3 ayrı rəsmi arayışa görə, cənab Adnan Oktar və ETT üzvlərinin heç birinin mənbəyi açıqlana bilməyən, qeyri-qanuni yollarla əldə edilmiş var-dövlətinə və nəğd pul vəsaitinə rast gəlinməmişdir.

QEYRİ-QANUNİ QAZANC İFTİRASI DÖVLƏTİN RƏSMİ ARAYIŞLARI İLƏ TƏKZİB EDİLMİŞDİR

Cənab Adnan Oktarın 9 ay həbsxanada və 10 ay ruhi xəstəxanada saxlanılması qəsddir

Cənab Adnan Oktar ateist, darvinist, materialist və kommunist kütlələrə qarşı illərdir dünya səviyyəsində dərin, güclü ideoloji mübarizə aparır və bu səbəbdən, çoxlu sayda qəsdə məruz qalmışdır. Bunlardan biri də ən səlahiyyətli orqanlar tərəfindən pozularaq əsassız olduğunun sübut edilməsi ilə qəsd olduğu üzə çıxmış şizofreniya xəstəsi diaqnozudur.

Cənab Adnan Oktar heç bir əsas göstərilmədən, məhz “Yəhudilik və Masonluq” adlı kitabının müəyyən kütlələri narahat etməsinə görə, 10 ay ən ağır ruhi xəstələrin yanında ruhi xəstəxanada, 9 ay da həbsxanada təkadamlıq kamerada saxlanılmışdır. Cənab Adnan Oktarın fəaliyyətlərini saxlaması üçün həyata keçirilən qorxutma metodu müxtəlif işgəncə və çətinliklərlə 19 ay davam etmişdir. Lakin cənab Adnan Oktara qəsd məqsədilə qoyulan bu diaqnoz hərbi xəstəxana tərəfindən pozulmuş və “ruhi və fiziki cəhətdən sağlamdır” arayışı verilmişdir. Sözügedən arayış yuxarı ixtisas şöbəsində də təsdiqlənmişdir.

Bəzi ETT üzvlərinin ailələri Ergenekon terror təşkilatının üzvləri tərəfindən dəstəklənmişdir

ETT üzvlərinin öz ailələrinə münasibəti ilə bağlı iddialar çirkin iftiradır. Ancaq 4-5 ailə (bu ailələrin iddia edilən Ergenekon terror təşkilatı mənsubları tərəfindən dəstəkləndiyi əlaqədar məhkəmə işinin dəlillər qovluğuna tikilmişdir) müxtəlif spekulyasiyalarla bu iddia edilən terror təşkilatının uydurduğu iftiraları gündəmə gətirib. Bu yolla prokurorluğa təsir etməyə çalışıblar, ETT üzvləri haqqında mənfi təbliğat aparıblar. Daha sonra bu iddialarını geri götürmək üçün pul tələb ediblər.

ETT üzvlərinin ailələrə hörmətini və sevgisini görmək üçün iddia edilən Ergenekon terror təşkilatı tərəfindən dəstəklənən 4-5 ailənin deyil, cənab Adnan Oktar və ETT haqqında fikirlərini və sevgilərini açıq-aydın bildirən YÜZLƏRLƏ  ailənin fikirlərinə baxmaq lazımdır. Yüzlərlə ailə cənab Adnan Oktarın vəsiləsi ilə övladlarının gözəl əxlaqlı, imanlı böyüdüyünə görə razı olduqlarını bildirir, çətinliyə, xəstəliyə baxmadan həmişə övladlarının yanında olduqlarını, dəstəkləyib kömək etdiklərini dilə gətirirlər.

Belə yalanlar türklərlə azərilərin qardaşlığından, birlik və bərabərliyindən narahat olan pis niyyətli şəxslər tərəfindən ortaya atılır. Bunları uyduranlar iki qardaş ölkənin arasını açmağı, qardaşlıq və birliklərini yox etməyi hədəfə alıblar.

Xatırlatmaq istəyirik ki, türklər və azərilər qardaşdır. Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. Dili bir, dini bir, qibləsi bir, kitabı bir, ideyası bir, əsli birdir. Bu iki qardaş millətin arasını açmağı düşünmək xülyadır. Gərginliyi artırmaq, davamlı düşmənlik hissini körükləmək heç kimə fayda verməyəcək.  Çağımız qəzəb və kin çağı deyil; dostluq, sevgi, anlayış, işbirliyi və qardaşlıq dövrüdür.

Müvəkkilim cənab Adnan Oktar da azəri qardaşlarımıza qarşı çox dərin sevgi bəsləyir. Bu iki qardaş ölkənin bir an öncə birləşməsini istəyir. Xəbərdə yer alan iddiaların həqiqətlərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Dəyərli və qardaş azəri xalqı bunu kimi qaynağı qeyri-müəyyən və uydurma dedi-qodulara etibar etməməlidirlər.