Adnan Oktarla görüşüm...

adnan-oktarla-gorusum
Oxunma sayı: 3738

Qan Turalı 

Türk mediası Adnan Oktar və onun camaatı sanki çox uzaqlarda fəaliyyət göstərirmiş kimi prokurorluğun yolladığı materialları sensasion başlıqlarla manşetlərinə çıxarır.

Halbuki, məsələ çox üzdə idi.

Adnan Oktar müridləri ilə öz kanalında müxtəlif şoular göstərirdi.

Çox bahalı kitablar çap edir, onları pulsuz yayır, konfranslar verirdi.

Öz telekanalları belə vardı.

Orda öz başına yığdığı qızlarla rəqs edirdi.

Media isə dəvəquşu kimi başını quma soxurdu. 

Qeyri-azad mətbuatın taleyi də budur.

Bundan əvvəl FETÖ məsələsində də eyni qorxaqlıq və bəsirətsizlik nümayiş edilmişdi.

Prokurorluq fəaliyyətə keçənə qədər heç bir əməli iş görülməmişdi.

Nə bir jurnalist araşdırması aparılmışdı, nə də bir təhqiqat.

Bu camaatdan ayrılan onlarla insan vardı, onları belə ciddiyə almamışdılar.

Azərbaycan üçün də tanış mənzərə olduğuna görə üzərində çox durmadan keçək əsas məsələmizə.

Mən də Adnan Oktarla görüşüb müsahibə alan jurnalistlərdən biriyəm.

Bu, 2008-ci ildə, Adnan Oktarın İstanbuldakı evində baş tutmuşdu və sonra “Azadlıq” qəzetində çap da edilmişdi.

Ümumilikdə, isə Adnan Oktarı, daha doğrusu Harun Yəhyanı məktəb vaxtlarından oxuyurdum.

Univeristet illərində də onun çoxlu kitablarını vərəqləmişdim.

Harun Yəhyanın "kedicik"ləri o zaman yox idi, əsasən iki hədəfi vardı: Masonlar və Təkamül nəzəriyyəsi.

Onun bir kitabını da oxumuşdum, adı belə idi: “Yeni Masonik düzen”.

Bu kitabda o, Elçibəyi də mason çıxartmışdı.

Elçibəy bir dəfə “Azərbaycanda dini şamanizm olacaqdır” demişdi.

Ya da bəlkə deməmişdi, bilmirəm, amma Bəyin şamanlara rəğbəti çox adama aşkar idi.

Bunun üstündən də Harun Yəhya onun mason olduğunu deyirdi.

Bunu ondan soruşdum.

Yazdıqlarını inkar elədi.

“Elçibəy səmimi türk dəliqanlısıdır” dedi.

Mən ona öz kitabını xatırladanda o heç xatırlamadı da.

Onsuz da bir insanın bu qədər kitab yazmağı imkan xaricində idi.

Müsahibə ərzində də o mənə fəlsəfə təhsilli bir adam təsiri bağışlamadı. 

Ümumiyyətlə, təhsilli adama belə bənzəmirdi. 

Hamının bildiyi şeyləri danışırdı, əlahiddə maraqlı bir şey demədi.

Kitablarını oxuduğum üçün məni xeyli təriflədi. Mənə iri bir kitab da bağışlamışdı, adı “Yaradılış atlası” idi.

Bu ağır kitabı əlimdə görən otel işçisi “Mənim qardaşım gedib bunlara qoşulub, heç bilmirik neyləyək” dedi.

(O zamanlar Harun Yəhya əsasən təhsilli, yaraşıqlı oğlanları cənginə keçirirdi.

Evində də ancaq oğlanlar vardı, heç qız yox idi. )

Kitaba heç marağım da yox idi, nəzakət üçün götürmüşdüm.

Onu oteldə qoyub getdim.

O zamanlar Adnan Oktar dediyim kimi əsasən masonlar haqda yazırdı, ya da yazdırırdı.

Yəhudilərin öldürdüyü iki peyğəmbərin, Harun və Yəhyanın da adını özünə ləqəb götürmüşdü.

Sonralar özü də mason oldu, qəzetlərdə yazılanlara inansaq bunun üçün rüşvət də veribmiş. 

Başda dediyim kimi...

Bütün bu rəzalətlər medianın və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verirdi.

Amma adama gözün üstə qaşın var deyən olmurdu.

Bir adam da maraqlanmırdı ki, onun  xərclədiyi bu qədər pulun mənbəyi hardandır?

Necə ki, FETÖ-də də eyni ssenari ilə gedirdi.

Sonralar məlum oldu ki, sən demə Gülen terrorçu imiş...

Bu məsələdə doğrudan da qardaşıq.

Vaxtında təhlil eləmə, tədbir görmə, problem bütün siqləti ilə ortaya çıxanda hamı ortaya düşüb hayqırsın ki, bəs filankəs masondur, terrorçudur, İsrailin adamıdır.

Yeri gəlmişkən, Fəthullah Gülen də Təkamül nəzəriyyəsi əleyhinə çıxışlar etməklə öz karyerasına başlamışdı.

Bir sözlə...

Mənim iki saatlıq görüşdən təəssüratım bu idi.

O mənə son dərəcə boz, darıxdırıcı bir adam təsiri bağışlamışdı...