ADNSU Beynəlxalq Assosiasiyanın konfransına ev sahibliyi edəcək

ADNSU Beynəlxalq Assosiasiyanın konfransına ev sahibliyi edəcək
Oxunma sayı: 367

Azərbaycan Dövlət Neft və Sənaye Unuiversiteti Bakıda 19-20 aprel tarixində keçiriləcək Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransına ev sahibliyi edəcək.

"Qafqazinfo" xəbər verir ki, “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda iştirak üçün 20-dək ölkədən, o cümlədən Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar artıq aprelin 17-dən etibarən Azərbaycana gəlməyə başlayacaqlar.

Aprelin 19-da qonaqlar Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra konfrans işinə başlayacaq. ADNSU-nun rektoru, professor Mustafa Babanlının açılış nitqindən sonra konfrans iştirakçıları qarşısında salamlama nitqi ilə UPBA-nın prezidenti Kaxa Şengeliya, Azərbaycan Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli çıxış edəcəklər.

İki gün davam edən konfransda aşağıdakı mövzular üzrə müzakirələr aparılacaq:

Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat və təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi;

Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı;

Ali təhsildə bərabərlik: təkliflər və imkanlar.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Lui Paster Universitetinin (Fransa) prorektoru, prof. Filip Turek, Lihay Universitetinin (Pensilvaniya ştatı, ABŞ) dosenti, Prof. Dr. Cill Sperandio, BP şirkətinin xarici əlaqələr və strategiya üzrə vitze-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə, “Microsoft Azerbaijan” şirkətinin təhsil üzrə layihə rəhbəri Emin Axundov, “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru Dr. Sevinc Əmirova Məmmədova, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo və s. çıxış edəcəklər.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir.

Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (YUNESKO) məsləhətçi hüququna malikdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi