ADNSU-da Mübariz İbrahimovun xatirəsi yad edildi

adnsu-da-mubariz-ibrahimovun-xatiresi-yad-edildi
Oxunma sayı: 665

“Mübariz İbrahimov nümunəvi döyüş yolu və qəhrəmanlığı ilə nəinki ölümsüzlüyə, əbədi zirvəyə yüksəldi, o, bütün Azərbaycan gənclərinə əbədi qələbə və Vətənə sonsuz məhəbbət aşıladı”. “Qafqazinfo” xəbər verir ki, bu fikirlər iyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun anım gününə həsr olunan tədbirdə səsləndirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor M.Babanlı Milli Qəhrəman Mübariz İbrahimovun göstərdiyi igidliyin hər bir gəncə örnək olduğunu deyib. O, bildirib ki, biz M.İbrahimovun ruhu qarşısında borcumuzu qismən də olsa, o zaman yerinə yetirəcəyik ki, işğal altında olan torpaqlarımızı erməni tapdağından azad edəcəyik və o gün uzaqda deyil.

Ə.Qənizadə Mübariz İbrahimovun hərb sənətinə, Vətənə sevgisindən söz açıb və əlavə edib ki, o, bir əsgər kimi öz ali arzusuna çatıb, qəhrəmanlıq zirvəsinə yüksəlib.