ADNSU kollektivi “Şah Qacar” tamaşasını izləyib

adnsu-kollektivi-sah-qacar-tamasasini-izleyib
Oxunma sayı: 1987

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşasını izləyib.

"Qafqazinfo" xəbər verir ki, tamaşada ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin prorektorları, professor-müəllim heyəti və əməkdaşları iştirak edib. Tamaşaçıların böyük maraqla izlədiyi iki hissəli tarixi əsər olan “Şah Qacar” tamaşası yazıçı-dramaturq Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında səhnələşdirilib. Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin müəllifliyi və quruluşçü rejissorluğu ilə hazırlanan iki hissəli tarixi dramın  elmi məsləhətçisi Çingiz Qacar, rejissoru Anar Sadıqov, bəstəkarı Siyavuş Kərimi, isıq üzrə rəssamı isə Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Abbas Qəhrəmanov, Laləzar Mustafayeva, Sabir Məmmədov, Anar Heybətov, Aslan Şirin, Kazım Abdullayev, Elşən Rüstəmov və  Ayşad Məmmədov ifa ediblər.

Qeyd edək ki, tamaşa XVIII əsr İran hökmdarı Ağa Məhəmməd şah Qacarın hakimyyətindən, o dövrün siyasi proseslərindən, saray çəkişmələrindən və eyni zamanda taxt-tac üstündə gedən mübarizədən  bəhs edir. Tamaşa gərgin dramatik səhnələr üzərində qurulub. Tamaşada Qacar həm də tarixilikdən çıxaraq öz taleyinin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran bir insan obrazı kimi təsvir olunur. Qacar obrazı tamaşaçıya yalnız qəddar və zalım hökmdar deyil, həm də bütün fəaliyyətini xalqının xoşbəxt gələcəyinə həsr edən siyasi xadim kimi təqdim olunur.