ADNSU müdafiə sənayesi üçün mütəxəssislər hazırlayacaq - Fotolar

adnsu-mudafie-senayesi-ucun-mutexessisler-hazirlayacaq
Oxunma sayı: 2866

Fevralın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, Mustafa Babanlı ADNSU-da aparılan tədris prosesi, ixtisaslar və universitet haqqında qonaqlara ətraflı məlumat verib.

Hazırda universitetin neft sektoru ilə yanaşı, sənaye yönümlü kadr hazırlığına kökləndiyini söyləyən rektor müdafiə sənayesinə xidmət edə biləcək mütəxəssislərin hazırlığının universitetin diqqət mərkəzində olduğunu deyib. Ölkənin ən vacib sahələrindən biri kimi müdafiə sənayesinə dəstək verilməsi üçün birgə əməkdaşlıq əlaqələrinin genişlədirilməsinə toxunan rektor M.Babanlı mövcud texnologiyaların tətbiqi və həmçinin startap layihələri ilə yeni qurğuların təkmilləşdirilməsinin və tətbiqinin vacib olduğunu bildirib.

Görüşdə əlaqələrin gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, həmçinin əməkdaşlıq oluna biləcək ixtisaslara yiyələnən tələbələrin bilavasitə istehsalata cəlb olunması ətrafında  müzakirələr aparılıb.

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndələri bu sahədə ixtisaslı kadrlara ciddi tələbatın olduğunu söyləyiblər. Müdafiə sənayesi üçün yeni texnologiyaların və qurğuların istifadəsində və tətbiqində mütəxəssis hazırlığınının prioritet olduğunu qeyd edən nazirlik rəsmiləri bu istiqamətdə tədris kontentinin birgə həyata keçirilməsinin vacibliyinə toxunublar.

Daha sonra görüşdə əməkdaşlıq olunacaq istiqamətlər və birgə görüləcək işlərin planlaşdırılması ətrafında müzakirə aparılıb. Görüşün sonunda tərəflər arasında “Tələbələrin təcrübələrinin təşkili və əməkdaşlq aparılması üzrə Əməkdaşlıq müqaviləsi” imzalanıb. 

Qonaqlar görüşdən sonra universitetin Lazer Mərkəzində olublar.