ADNSU-nun rektoru “Weir Oil and Gas” şirkətində olub

adnsu-nun-rektoru-weir-oil-and-gas-sirketinde-olub
Oxunma sayı: 793

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti “Weir Oil and Gas” şirkətində olub.

“Qafqazinfo” xəbər verir ki, əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic ADNSU nümayəndələrinə şirkətin fəaliyyət istiqamətləri, mövcud layihələr və neft-qaz sahəsində yeni texnologiyaların tətbiq olunması haqqında məlumat verib. Hazırda ADNSU-nun 66 nəfər tələbəsinin “Gündəlik təcrübə” proqramı çərçivəsində şirkətdə istehsalat təcrübəsi keçdiyini deyən A.Bilgic onlardan 3 nəfərinin yay təcrübə proqramına qəbul ediləcəyini diqqətə çatdırıb.

Mustafa Babanlı son dövrlərdə universitetdə həyata keçirilən islahatlar haqqında məlumat verib, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan və gələcəkdə görülməsi planlaşdırılan layihələrdən danışıb. Daha sonra rektor Babanlı şirkətdə təcrübə keçən ADNSU tələbələri ilə görüşüb, onların təcrübə prosesi ilə maraqlanıb.

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün neft-qaz avadanlıqlarının istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb.