ADNSU-nun startapçı tələbələrinin AzİİStore mağazası açılıb

ADNSU-nun startapçı tələbələrinin AzİİStore mağazası açılıb
Oxunma sayı: 520

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi START” Startap və İnnovasiya Mərkəzinin startapçı tələbələrinin AzİİStore mağazası açılıb. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il yanvarın 10-da imzaladığı və ölkədə innovativ inkişaf sahəsində effektivliyin artırılmasına xidmət edən Sərəncamına uyğun olaraq gerçəkləşdirilən bu layihə ADNSU-da startap məktəbinin inkişaf etdirilməsinə yönəlib. AzİİStore mağazasının açılması Sərəncamda da nəzərdə tutulduğu kimi, gənclərin elmi nailiyyətlərin, bilik və rəqəmsal məhsullarının, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına töhfə verəcəkdir. ADNSU-nun əsas binasında birinci mərtəbənin foyesində açılmış mağaza iki dükandan ibarətdir. 

Birinci dükanda ADNSU startapçılarının innovativ layihələri - Smart Keyboard, Dronlar, 3D printer və digər məhsullar yer alıb ki, arzu edənlər həmin cihazları sifariş edə bilər. AzİİStore mağazasında innovativ məhsullarla yanaşı universitetin loqosu olan suvenirlər, o cümlədən tələbələrin özlərinin əl işləri də satışa çıxarılıb. Hər bir məhsulun üzərində startapçıların dizayn etdikləri, universitetimizin əsas göstəriciləri olan fiqurlar (neft buruqları, universitetin binası, ölkəmizin xəritəsi, loqo və s.) əks olunub. 

İkinci dükanda Azərbaycan, rus və ingilis dillərində texniki, iqtisadiyyat və maliyyə, İnformasiya texnologiyalarına dair kitablar, eləcə də bədii ədəbiyyatın, eyni zamanda dəftərxana ləvazimatlarının satışı təşkil olunub. Kitab və dəftərxana ləvazimatlarının satışı tələbələrin gündəlik tələbat və istəkləri nəzərə alınaraq gerçəkləşdirilməyə başlanıb. Burada qiymətlər yaxınlıqdakı dəftərxana malları mağazalarındakı qiymətlərdən daha ucuzdur və bu AzİİStore mağazasının kommersiyadan daha çox sosial mahiyyət kəsb etməsi ilə bağlıdır.

AzİİStore mağazası “Eazi START” Startap və İnnovasiya Mərkəzinə məxsusdur və əldə olunan gəlir məsulların istehsalında iştirak edən startapçılara, burada çalışan tələbələrə ödəniləcək. Əldə olunan mənfəət startapçıların layihəhələrinin inkişaf etdirilməsinə və yeni layihələrin hazırlanmasına yönəldiləcək. Onu da qeyd edək ki, AzİİStore-da satıcı qismində ADNSU-nun maddi ehtiyac duyduğu 4 tələbəsi növbəlilik prinsipi əsasında çalışır. ADNSU AzİİStore-dan bazar qiymətlərinin altında olan tariflərlə icarə haqqı alacaq, eyni zamanda AzİİStore rentabelliyə çıxanadək tələbələrə bu layihənin gerçəkləşdirilməsində dəstək verəcək.

2015-ci ilin dekabr ayından etibarən fəaliyyət göstərən “Eazi START” Startap və İnnovasiya Mərkəzində bir araya gələn gənclərin indiyədək 40-dək layihəsi ADNSU-da təşkil olunmuş 3 Startap və İnnovasiya Festivalında nümayiş etdirilib, onlardan bir neçəsi ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilən startap və innovasiya müsabiqələrində Azərbaycanı uğurla təmsil edib. Layihələrdən bir neçəsinin istehsalına başlanılıb və onların “Made in Azerbaijan” brendi adı altında satışına dair özəl şirkətlər və dövlət qurumları ilə danışıqlar aparılır.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi