ADNSU xarici şirkətlərlə birgə müəllim və tələbələrinə ingilis dili təlimi keçəcək - Fotolar

adnsu-xarici-sirketlerle-birge-muellim-ve-telebelerine-ingilis-dili-telimi-kececek
Oxunma sayı: 1045

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) British Petrolium Exploration (BP) və “British Council-ın Azərbaycandakı ofisi” arasında universitetin 90 nəfər müəlliminə və 200 tələbəsinə intensiv ingilis dili təlimi keçirilməsinə dair sənəd imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Təhsil Nazirliyinin nümayəndəsi, British Council-ın Azərbaycandakı ofisinin direktoru Samr Şah, BP-nin tərəfdaşı olan şirkətlərin nümayəndələri, universitetin professor-müəllim heyəti iştirak edib.

M.Babanlı ali təhsilin keyfiyyətinin yüksəldilməsi işində qabaqcıl dünya təcrübəsinin öyrənilməsinin önəmini qeyd edərək bunun üçün professor-müəllim heyətinin və tələbələrin, xüsusilə ingilis bölməsində tədris aparan əməkdaşların və təhsil alan gənclərin ingilis dilinə yüksək səviyyədə yiyələnmələrinin vacibliyini vurğulayıb. ADNSU-nun bununla bağlı hazırladığı təklif layihəsinə müsbət münasibət bildirməsinə və qısa müddət ərzində ona maliyyə vəsaiti ayırdığına və təşkilati işləri həll etdiyinə görə BP şirkətinə təşəkkürünü ifadə edən rektor M.Babanlı bunun sayəsində texniki fənlərin ingilis dilində tədrisinə böyük töhfə verəcəyini bildirib. BP-nin ingilis dilinin tədrisini həyata keçirəcək tərəfdaşın seçilməsi məsələsini ADNSU-nun ixtiyarına buraxdığını qeyd edən rektor M.Babanlı universitetin artıq səmərəli əməkdaşlıq təcrübəsi olduğu British Council-ın Azərbaycandakı ofisini partnyor olaraq seçildiyini söyləyib.

B.Aslanbəyli təmsil etdiyi şirkətin ölkənin aparıcı təhsil layihələrində iştiraka xüsusi diqqət yetirdiyidini deyib. O, yeni layihənin əsas məqsədinin təkcə tələbələrə ingilis dili vərdişlərini aşılamaq deyil eyni zamanda texniki sahədə tədrisdə ingilis dilinin yaxşılaşdırılmasına şərait yaratmaq olduğunu deyib. Bununla da ADNSU-da ingilis bölmələri ilə yanaşı Azərbaycan bölmələrində də texniki ingilis dilinin tədrisinin nəzərdə tutulduğunu deyən B.Aslanbəyli hazırki ADNSU tələbələrinin də gələcəkdə BP-nin potensial əməkdaşları kimi nəzərdən keçirildiklərini söyləyib və buna görə də onların yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsi işini dəstəklədiklərini vurğulayıb.

Samr Şah ADNSU ilə artıq neçə ildir ki, əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək belə bir irimiqyaslı layihədə universitetlə və BP ilə birlikdə iştirak etməkdən məmnun olduqlarını bildirib. O, 11 aylıq layihənin 90 nəfər müəllimi və 200 tələbəni əhatə edəcəyini bildirib. Layihənin “British Council-ın Azərbaycandakı ofisinin təcrübəsində bir ilk olduğunu vurğulayan Samr Şah onlar üçün də bu layihənin yaxşı və əhəmiyyətli təcrübə olacağını vurğulayıb.

Daha sonra tərəflər arasında niyyət məktubu imzalanıb.

Qeyd edək ki, müqaviləyə əsasən təlimlərə mayın 1-dən start verilməsi nəzərdə tutulub. İyul-avqust ayları istisna olmaqla (müəllimlər məzuniyyətdə olduqları üçün təlimlər onlayn şəkildə həftəlik dərs tapşırıqlarının verilməsi formasında həyata keçiriləcək) həftədə 3 dəfə 2 tədris saatı olmaqla dekabrın 31-dək davam edəcək. British Council Aptis testindən istifadə edərək bütün müəllimləri testdən keçirəcək. Aptis üzrə ən yüksək bal toplamış 15 ingilis dili müəllimi (ən aşağı B2 və daha yüksək) ingilis dili təlimçisi kimi seçiləcək. British Council-ın Azərbaycandakı ofisinin mütəxəssisləri ADNSU-nun 15 müəlliminə təlim keçəcək və onlar da öz növbəsində ikinci semestr ərzində 200 tələbəyə təlim keçəcəklər. Layihə British Council-ın Azərbaycandakı ofisi tərəfindən idarə olunduğundan bu müəllimlərin məvacibi Universitet tərəfindən deyil, British Council-ın Azərbaycandakı ofisi tərəfindən birbaşa müəllimlərə ödəniləcək.