ADP addəyişmənin əleyhinədir

adp-addeyismenin-eleyhinedir
Oxunma sayı: 643

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

ADP-nin mətbuat xidmətindən verilən məlumata görə, İdarə Heyəti üzvləri ilk növbədə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İndoneziyada keçirilən sammitində Xocalı soyqırımını tanıyan qətnamə qəbul etməsini alqışlayıb.

Toplantı iştirakçıları həm də hakimiyyəti XX əsrin ən dəhşətli soyqırımı olan bu qanlı cinayətin daha geniş miqyasda tanınması istiqamətində beynəlxalq səyləri artırmağa və eləcə də ölkə daxilində Xocalı soyqırımı ilə bağlı dövlət səviyyəli tədbirlərin həyata keçirilməsi üçün praktik addımlar atmağa çağırıb.

İdarə Heyəti üzvləri onu da bildiriblər ki, Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq bir qrup senatorun bu qanun layihəsinin ləğv edilməsi üçün Konstitusiya məhkəməsinə müraciət ediblər. Ancaq buna baxmayaraq, prezident N.Sarkozinin məzkur qanunun qəbul etdirilməsi üçün yenidən təşəbbüslə çıxış etməsi barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və bu cür mövqenin arxasında onun Türkiyə və bütövlükdə türk dünyasına qarşı olan patoloji nifrətinin durduğunu diqqətə çatdırıb.

İştirakçılar, Suriyada səngimək bilməyən qanlı olaylardan bir daha ciddi narahat olduğunu bildirib və BMT TŞ-nın daimi üzvü olan Cin və Rusiyanın öz veto hüququndan istifadə edərək Suriyada yaşanan qırğınların durdurulmasına hesablanan beynəlxalq müdaxilənin qarşısını alma cəhdlərini qətiyyətlə pisləyiblər.

Onlar veto hüququndan sui-istifadə hallarının qarşısının alınması üçün bu qurumda təmsil olunan dövlətlərin veto hüququnun ləğv edilməsi təklifi ilə çıxış ediblər.

İH üzvləri Avropa Birliyinin son on ildə Dağlıq Qarabağla bağlı aparılan siyasətin uğursuzluğa düçar olması barədə açıqladığı hesabata münasibət bildiriblər. Onların fikrincə, ciddi narahatçılıq yaradan bu fakt dövlət rəsmilərinin guya DQ probleminin həlli istiqamətində beynəlxalq uğurlar qazanılması haqqında səsləndirdiyi iddialarla ziddiyyət təşkil edir.
Onlar hakimiyyəti xarici siyasətimizin əsas prioriteti sayılan Qarabağ məsələsində real zəminə əsaslanan siyasət yürütməyə çağırıb.

Bundan başqa ölkə başçısının Almaniya səfərində ABŞ dövlət katibi H.Klintonla keçirdiyi görüş zamanı dövlət bayrağımızın əvəzinə başqa bir bayraq nümayiş etdirilməsindən ciddi narahat olduqlarını bildirən iştirakçılar, ölkə başçısını Azərbaycan dövlətçiliyinin əleyhinə yönələn bu hadisəyə kəskin mövqe bildirməyə çağırıblar.

Toplantı zamanı son vaxtlar Milli Məclisdə Azərbaycan dövlətinin adının dəyişdirlərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı səslənən təkliflərə münasibət bildirilib və bu cür ideyaların olduqca zərərli nəticələrə gətirib çıxaracağı ilə bağlı ciddi narahatçılıq ifadə olunub: “Belə ki, Lissabon sammitində məlum uğursuzluqdan sonra ATƏT üzvü olan dövlətlərin Dağlıq Qarabağın Azərbaycana məxsus olması məsləsində bitərəflik nümayiş etdirməsi ölkəmizin suverenliyinə qarşı yönələn fakt olaraq qüvvədə qalmaqdadır. İndiki halda dövlətin adının dəyişdirilməsi həm də BMT-də Azərbaycan dövlətinin yenidən tanınması problemini tələb edir. Bu zaman böyük çoxluğun DQ-ın Azərbaycan ərazisi kimi tanınmasında bitərəf qalacağı və ya əleyhinə çıxacağı ölkəmizi real təhlükə ilə üz-üzə qoya və yeni adla tanınan Azərbaycanı Qarabağın tanınmasına gətirib şıxara bilər. Bu isə DQ-ın beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın suverenliyindən çıxarılması deməkdir”.

Partiya yetkililəri millət vəkillərini siyasi xarakterli bəyanatlarda məsuliyyətli olmağa və dövlət başçısını konstitusiya öhdəliklərini yerinə yetirməyə, ölkə ərazisinin itirilməsinə gətirib çıxara bilən bu cür avantürüst ideyalara adekvat reaksiylar verməyə səsləyib.